ABŞ-nin Hörmüzə blokada iddiasına Çin əhəmiyyət vermədən boğazı keçdi

ABŞ-nin Hörmüz boğazında tətbiq etdiyi blokadadan dərhal sonra Vaşinqtonun sanksiya siyahısında olan ən azı iki gəmi strateji su yolundan keçib.

ABŞ-nin Hörmüz boğazında tətbiq etdiyi blokadadan sonra Vaşinqtonun sanksiyalarına məruz qalan ən azı iki gəminin bu strateji marşrutdan keçərək hərəkətini davam etdirdiyi bildirilib.

Malavi bayrağı altında üzən “Rich Starry” adlı neft-kimya tankeri aprelin 14-də boğazdan keçərək Omanın Sohar limanına doğru istiqamət alıb. Gəmi Çin şirkəti olan “Shanghai Xuanrun Shipping Co Ltd”ə məxsusdur və həm şirkət, həm də gəmi 2023-cü ildən ABŞ-nin qara siyahısına salınıb. Vaşinqton bu qurumu İrana sanksiyalardan yan keçməkdə yardım etməkdə ittiham edir. “Reuters”in məlumatına görə, tanker BƏƏ-də yüklənmiş 250 min barel metanol daşıyır. Ekipajın əksəriyyəti Çin vətəndaşlarından ibarətdir.

Bundan əvvəl “CNN” də “Elpis” tankerinin Hörmüz boğazından keçdiyini bildirmişdi. Bu gəmi də İran neftinin “kölgə donanması” vasitəsilə ticarətində iştirak etdiyi üçün ABŞ sanksiyalarına məruz qalıb.

ABŞ-nin elan etdiyi blokada aprelin 13-də axşam saatlarında qüvvəyə minib və İran limanları və sahil əraziləri ilə əlaqəli bütün gəmiləri əhatə edir. Blokadanın tətbiqindən bir neçə saat əvvəl Pentaqon dənizçilərə xəbərdarlıq edərək bildirib ki, icazəsiz şəkildə blokada zonasına daxil olan gəmilər ələ keçirilə bilər.