Müharibə dünya insanına İslamın varlığını görmək üçün bir pəncərə oldu (3-cü hissə)

Zaman keçdikcə parçalanmış ümmət senarisi İslamın daxilində ziddiyyətli cərəyanların yaranmasına və dinin müqəddəs pak varlığını gözdən salmağa meydan verdi. Öz imkanlarının tükəndiyini hiss edən ideoloji məktəblər böyük ustalıqla İslamı dünya baxışında təhlükəli, qəddar və qanıçən bir simaya salmaq üçün siyasi aktyorları bu dinin daxilinə yeritdilər. Eyni zamanda xalqlar arasında köklü İslam dəyərlərində şübhələr yaradıldı. Bu, yalnız məzhəblər arasında deyil, həm də bir-birinə düşmən kimi kinli cəbhələrin formalaşmasına yol açdı.

Bütün bu addımlar İslamın qüdrətli ideoloji varlığını ləkələməklə öz varlıqlarını saxlamaq üçün düşünülmüş xəbis bir siyasət idi. Müsəlman ölkələrini əsarətdə saxlamaq, din rəhbərlərinin xalq tərəfindən rəğbət və sevgi ilə qarşılanmasına mane olmaq bu prosesin əsas məqsədlərindən idi.

Uzun illər dünya məhz bu siyasətin pəncəsində İslam haqqında yanlış təsəvvürlərin qurbanı olaraq bu dinin həqiqətini görməkdən məhrum idi. Bu vəziyyət İranda xalqın şah rejimini devirərək İslam Respublikası qurduğu dövrə qədər davam etdi.

İnqilab və ardınca İslam Respublikasının qurulması İslamın praktiki mövcudluğunun canlı işartısı oldu. Əsrlər boyu dinin sadəcə ibadət ritualı, acizlik anlarında vicdanı sakitləşdirən vasitə, gerilik əlaməti və tənəzzül səbəbi kimi qəbul edilməsi fikri alt-üst oldu. İslamın təkcə din deyil, idarəçilik, mədəniyyət, əxlaq, qüdrət və başında dini rəhbərin dayandığı sistem olması digər ideologiyalar üçün qorxulu bir kabusa çevrildi.

Bu sırada İslamın bir zamanlar dünyanı vahid ideologiya ilə idarə edəcək şəxsin gəlişi ilə tam sistemli mövcudluğu fikri praktiki əsas qazanmağa başladı.

İran 1978-ci ildə xalq hərəkatı ilə azadlıq və hürriyyət, 1979-cu ildə isə bu hürriyyəti dünyada ilk dəfə dini idarəçilik sisteminə həvalə edən respublika qurmaq istəyini ortaya qoydu. Əsrlər boyu dünyanın əksini təbliğ etdiyi din, artıq yaşam tərzi olaraq digər ideologiyalara praktik nümunə göstərməyə başladı.

İslam Respublikasının ilk günləri bu düşüncə sahiblərinin hədəfinə tuş gəldi və amansız terrorların mərkəzinə çevrildi. Bir il ərzində İranın ideoloqlarının məzarına çevrilən cəbhədə rejimin çökməsi üçün bütün imkanlar səfərbər edildi. Lakin gözlə görünməyən mənəvi bağ və İlahi inam telləri nəinki rejim dəyişikliyinə yol açmadı, əksinə xalqın inancına daha da möhkəm töhfə verdi.

3-cü hissənin sonu.