Saatlı məktəbləri də hicablı şagirdlərin dərsə gəlişini məhdudlaşdırıb

Hicabın məhdudiyyət yaşadığı məktəblər sırasında Saatlı şəhər məktəbləri də var. Valideynlərin bildirdiyinə görə mart ayından Saatlı şəhəri S. Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Günay Aslanova bu məktəbdə təhsil alan hicablı qız uşaqlarının valideynləri ilə görüşüb. Direktor onlara bildirib ki, “yuxarıdan” tapşırıq var, ilin sonuna qədər bütün məktəblərdə hicablı şagirdlər dərsə gəlmək üçün başlarını açacaqlar. Əks halda onlar dərsə buraxılmayacaq. Buna etiraz edən valideynlər isə qanunla cəzalandırılacaq.

Belə bir qərarın heç bir hüquqi əsası olmadığını söyləyən valideynlərə Günay Aslanova bildirib ki, göstəriş belədir, o da buna əməl etməyə məcburdur. Martın ortalarından direktorun göstərişi ilə məktəbə gələn hicablı qız uşaqlarının bəzisi hicablarını açsalar da, bəziləri hicab səbəbindən təhsildən məhrum edilib. Belə qadağa hal-hazırda Saatlı şəhəri Valeri Əsgərov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi və Saatlı şəhər M.Əzizbəyov adına 2 nömrəli tam orta məktəbdə də yaşanır. Burada da eyni metod tətbiq edilərək hicablılar günlərdir ki, təhsildən uzaqlaşdırılaraq məktəbə gəlişlərinin qarşısı alınıb.