Həyat yoldaşı həbsdə olan inanclı fəalın ağrılardan əziyyət çəkdiyini deyir

Həbsdə olan inanclı fəal Elvin Nəzərovun səhhətinin pisləşdiyi və ağrılardan əziyyət çəkdiyi bildirilir. 

Bu barədə jurnalist Arzu Abdulla məhkumun həyat yoldaşı Şəbnəm Nəzərovaya istinadən məlumat yayıb. 

Ş.Nəzərovanın sözlərinə görə, həyat yoldaşının hazırda səhhəti ilə bağlı əziyyət çəkdiyi problemlərin çoxu daha əvvəl, onun "Gəncə işi" üzrə həbsdə olduğu dövrdə yaranıb. 

"Birinci həbsi dövründə Elvinin bütün sağlamlığını məhv etdilər. Gəncə Şəhər Polis İdarəsində Elvinə o qədər işgəncə vermişdilər ki, o, hələ də özünə gələ bilmir. Elvinin ödündə birinci həbsindən sonra polip yaranıb. İkinci həbsi dövründə də həkimlər Elvinin ödündə bir neçə polipin yarandığını və 6 aydan bir ultrasəs (USM) müayinəsindən keçməyin vacib olduğunu demişdilər", - o qeyd edib. 

Həyat yoldaşı bildirib ki, fəal günlərdir şiddətli ağrılardan əziyyət çəksə də, saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsinin baş həkiminə müraciətləri cavabsız qalıb. Onun sözlərinə görə, baş həkim müəssisədə USM aparatının olmadığını və gətirilməyəcəyini deyib. 

"Elvin müayinə üçün Pentensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilməlidir, lakin göndərmirlər. Elvin təklif edib ki, öz hesabımıza müayinə üçün xəstəxanaya göndərilsin, bunu da qəbul etməyiblər. Yəni, biz neyləyək, bu insan ölməlidir? Bu insana 6 aydan bir yoxlanış vacibdir ki polipin həcmi nəzarətdə saxlanılsın", - o əlavə edib. 

E.Nəzərov 2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücumdan sonra həbs olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2021-ci ilin yanvarında cəza müddəti bitdiyi üçün azadlığa çıxmışdı.

O, 2024-cü ildə şiə dindarların kütləvi şəkildə həbs edildiyi dönəmdə narkotik ittihamı ilə saxlanılmışdı. 2025-ci il yanvarın 9-da Şəki Ağır Cinayətlər Məhkəməsində ona 5 il yarım həbs cəzası verilib.