Tofiq Yaqublu aclıq aksiyasına davam edir: "Məni də Navalnı kimi öldürəcəklər"

Həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublu aclıq aksiyasına davam edir. 

Martın 1-də T.Yaqublu ilə görüşən qızı Nigar Həzi sosial media hesabında xəbər verib ki, atası 8 gündür aclıq edir. 

"Ata 8 gündə xeyli arıqlayıb. Gözləri çuxura düşüb. Görünən odur ki, bu dəfə çəki itkisi çox sürətlə gedəcək və orqanizmi tab gətirməyəcək", - o qeyd edib. 

T.Yaqublu fevralın 23-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında 1 həftəlik cərimə kamerasına ("karser") salınmışdı. Müəssisə rəhbərliyi isə qərarı onun "kamerada axtarışa mane olması ilə" əsaslandırmışdı. 

T.Yaqublu daha öncə vəkili vasitəsilə verdiyi açıqlamada aclığa başlamasını "əsassız yerə karsa salınmasından" əlavə, barəsindəki "qanunsuz məhkəmə hökmü və ABŞ-nin Azərbaycandakı səfirliyinin insan haqlarının kobud şəkildə pozulmasına açıq göz yumması" ilə izah edib. 

N.Həzi atasına istinadən bildirib ki, sözügedən axtarış zamanı müəssisənin rəis müavinləri T.Yaqublunun saxlanıldığı kameraya daxil olaraq qazan, dabankeş, elektrik çaydanı və başqa əşyaları götürüblər. 

"Rəis müavinlərindən biri isə kamerada kobudcasına çığır - bağır salaraq yüksək səslə ataya deyib ki, “Nə? Siz mane olursuz axtarışa? Rəisin yanına getmək istəyirsiz? Qolunu qandallayın, rəisin yanına aparın!” Bundan sonra isə onu kameradan çıxarıblar", - o qeyd edib. 

N.Həzi atasına aclıq aksiyasını dayandırması üçün israr etdiyini, lakin onun fikrində qəti olduğunu bildirib. 

T.Yaqublu Azərbaycan hakimiyyətinin onu öldürməyə çalışdığını deyib. 

"Mən bilirəm ki, bu həbsin sonu yoxdur. Bu dəfə məni karserə saldılar, gələn dəfə gəlib deyəcəklər ki, sənə qarşı yeni cinayət işi açırıq, daha sonra deyəcəklər ki, zona göndəririk, sonra yenə karserə salacaqlar və sonda məni Aleksey Navalnı kimi öldürəcəklər. Xatırlayırsınızsa, Navalnını da karserə salıb zəhərləmişdilər. Bilirəm ki, bu rejim məni öldürəcək. Elə isə ölümü mən özüm seçirəm”, - o, qızının ictimailəşdirdiyi açıqlamada vurğulayıb. 

Milli Şuranın və Müsavat Partiyasının üzvü olan Tofiq Yaqublu ötən il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib. 

Özü isə ittihamları qurama sayır. 

T.Yaqublu hökmə etiraz olaraq aprelin 1-dən mayın 10-a qədər aclıq edib. 

O, 2013-cü ildə də İsmayıllıda etirazlarda iştirak etdiyinə görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq ictimaiyyət, ABŞ və Avropa İttifaqı tərəfindən onun həbsi pislənilib. T.Yaqublu 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb.