Ayətullah Sistani: Məzlum İran xalqı ilə həmrəy olun!

Ayetullah Uzma Sistaninin ofisi İrana qarşı edilən hərbi hücumları sərt şəkildə pisləyib. Bəyanatda hücumların dərhal dayandırılması tələb olunur və beynəlxalq ictimaiyyət, xüsusilə də İslam ölkələri sülh və ədalətli həll üçün addım atmağa çağırılır.

Ayetullah Uzma Əli Sistaninin Ofisi yaydığı açıqlamada bildirib:

“Böyük Dini Mərcə Ayətullah Uzma Sistani İrana qarşı aparılan zalım müharibəni ən sərt şəkildə qınayır və bütün müsəlmanları, eləcə də dünyanın azad insanlarını bu hücumları pisləməyə və məzlum İran xalqı ilə həmrəylik nümayiş etdirməyə çağırır. O, həmçinin bir daha bütün təsirli beynəlxalq qurumları və dünya ölkələrini, xüsusilə İslam dövlətlərini bu hücumların dərhal dayandırılması və beynəlxalq hüquq çərçivəsində İranın nüvə məsələsinə sülh yolu ilə ədalətli həll tapılması üçün maksimum səy göstərməyə dəvət edir”.

Ayətullah Uzma Sistaninin Ofisinin açıqlamasının tam mətni belədir:

Rəhman və Rəhim olan Allahın adı ilə

İran ərazisinə qarşı hərbi hücumlar bir neçə gündür davam edir və indiyədək onların nəticəsində çox sayda vətəndaş – vətənin müdafiəçilərindən olan bir çox cəsur insanlar, onlarla uşaq və digər günahsız mülki şəxslər həlak olub. Bundan əlavə, dövlət və şəxsi mülklərə geniş miqyasda ziyan vurulub. Qarşılıqlı hərbi əməliyyatların miqyası – gözlənildiyi kimi – genişlənib və bəzi digər ölkələri də əhatə edib; belə ki, həmin ölkələrin bəzi bölgələri və obyektləri də zərər görüb. Region uzun illərdir görünməmiş fövqəladə mənzərələrə şahidlik edir.

BMT Təhlükəsizlik Şurasının çərçivəsindən kənar və birtərəfli qaydada, BMT-yə üzv olan bir dövlətə müəyyən şərtləri diktə etmək və ya onun siyasi sistemini devirmək məqsədi ilə genişmiqyaslı müharibə başlatmaq beynəlxalq normalara zidd olmaqla yanaşı, son dərəcə təhlükəli addımdır və regional və beynəlxalq səviyyədə çox ağır nəticələrə səbəb ola bilər. Belə bir addımın geniş miqyaslı xaosa və uzunmüddətli qeyri-sabitliyə yol açacağı, bunun da region xalqlarına böyük əzablar verəcəyi və başqa dövlətlərin maraqlarına da mənfi təsir göstərəcəyi ehtimal olunur.

Bu səbəbdən Böyük Dini Mərcə bu zalım müharibəni ən sərt ifadələrlə pisləyir və bütün müsəlmanları, həmçinin dünyanın azad insanlarını onu qınamağa və məzlum İran xalqı ilə həmrəy olmağa çağırır. O, bir daha bütün nüfuzlu beynəlxalq qurumları və dövlətləri, xüsusilə İslam ölkələrini hücumların dərhal dayandırılması və beynəlxalq hüquq prinsipləri əsasında İranın nüvə məsələsinə sülh və ədalətli həll tapılması üçün maksimum səy göstərməyə dəvət edir.

(1447-ci ilin Ramazan ayının 14-ü)
(Şəmsi təqvimi ilə 13/12/1404)

Ayətullah Sistani Ofisi – Müqəddəs Nəcəf