ABŞ-də fəaliyyət göstərən “Muhlenberg College” icmasının bir sıra alim və tələbə təşkilatları hazırda həbsdə olan “Talış Milli Akademiyasının Xəbərləri” saytının baş redaktoru, etnik tədqiqatçı, 18 il azadlıqdan məhrum edilmiş İqbal Əbilov barədə petisiya başladıb.
İcma üzvləri bildiriblər ki, Əbilovun həbsi ədalətli məhkəmə sistemi, ifadə azadlığı və haqsız həbslər barədə narahatlıq yaradır. Onların sözlərinə görə, məsələ həllini tapmazsa, bu, alimlərin uzunmüddətli həbsini normallaşdırır:
“Belarus Dövlət Universitetinin professoru İqbal Əbilov Azərbaycan hökuməti tərəfindən dövlət xəyanəti şübhəsi ilə həbs olunub. Əbilov qohumunun toyuna qatılmaq üçün Azərbaycana səfər edərkən həbs olunub. O, haqsız yerə saxlanılıb, məhkəmə prosesləri gecikir və apellyasiyaları rədd edilir. 600 gündən artıqdır ki, ailəsi və vəkilləri ilə açıq ünsiyyətdən məhrum edilib”.
Bundan başqa onlar qeyd edib ki, İqbal Əbilovun həbsinə səbəb onun milli azlıqların hüquqlarını müdafiə etməsi, həmçinin bu yöndə tədqiqatlar aparması ilə bağlıdır.
“Əbilovun qohumlarına görə, o, cəmiyyətinin əsl qəhrəmanıdır və onun həbs olunmasının əsl səbəbi mədəniyyətinə və cəmiyyətinə sadiq qalmasıdır. Onun özü də daxil olmaqla müxtəlif milli azlıqların, o cümlədən Azərbaycanın talışlarının qorunmasına yönəlmiş tədqiqatları və fəaliyyəti onun təqib olunmasına səbəb olub”, – deyə qeyd edilib.
İqbal Əbilov 2025-ci il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Əbilov Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham olunub.
O, bu ittihamları təkzib edir, elmi tədqiqatla məşğul olduğunu bildirir.
ABŞ İqbal Əbilov barədə petisiya başladıb