Valideynlər hicab qadağası ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşır

Valideynlər hicab qadağası ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşır – “uşaqlarımız təhsildən məhrum edilib, nə Təhsil Nazirliyi, nə Regional İdarə cavab vermir”

Martın 10-dan etibarən Bakı və bölgələrdə bəzi məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmaması ilə bağlı yaradılan süni maneə səbəbindən yüzlərlə qız uşağı təhsildən məhrum edilib. Valideynlərin Təhsil Nazirliyinə və Regional Təhsil İdarələrinə müraciətləri nəticəsiz qalıb.

 

“Nə xəbər verilir, nə də məsələyə aydınlıq gətirən olur”

Valideynlərin sözlərinə görə, Təhsil Nazirliyi onları Regional Təhsil İdarələrinə yönləndirib. Regional idarələr ərizələrini alaraq məsələni araşdırıb məlumat verəcəklərini bildirsələr də, günlər ötməsinə baxmayaraq nəticə yoxdur. “Zərbə uşaqlarımıza dəyir. Təhsildən uzaq düşərək onlar məktəb divarları arxasında qalmaqdadırlar.”

 

“Bu qərar yuxarılarındır” – bəs “yuxarılar” kimdir?

Məktəb direktorları hicab qadağasının “yuxarıların” göstərişi olduğunu deyir və onların bu göstərişə əməl etməyə məcbur olduqlarını bildirirlər. “Yuxarıların” kim olduğu dəqiq söylənilməsə də, sayları yüzlərin üzərində olan hicablı qız uşaqlarının hələ də dərsə buraxılmadığı dəqiqdir.

 

Məhkəmə yolu – yeganə çıxış yolu?

Valideynlər təhsil hüquqlarının pozulması səbəbindən məktəb rəhbərlərini və aidiyyatı qurumları məhkəməyə verməyə hazırlaşır. Onlar düşünür ki, məsələnin yeganə həlli məhkəmə orqanlarının bu qanunsuz qadağaya qarşı qərar verməsidir.

Xatırladaq: Hicab qadağası mart ayının əvvəlindən etibarən Sumqayıt (15, 17 saylı), Abşeron (1, 3, 4 saylı), Saatlı (1, 2, 4 saylı), Gəncə (10 saylı) və Bakının bir neçə məktəbində tətbiq edilir. Rəsmi qanunvericilikdə hicab qadağası nəzərdə tutulmayıb. Valideynlərin təhsil hüququnun bərpası üçün mübarizəsi davam edir.