Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvü Ağa-Əli Yəhyayev Nardaran hadisələrinin 10-cu ildönümü ilə bağlı fikirlərini bölüşüb
26 noyabr 2015-ci ildə hakimiyyət tərəfindən günahsız insanlara qarşı Bakının Nardaran kəndində törədilən hadisədən artıq 10 il keçir. Həmin hadisə zamanı həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına isə səbr diləyirəm.
Məlum hadisələrdən sonra yüzdən çox insan həbs olundu, 43 nəfər isə 10 ildən 20 ilədək uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. Hərəkatın lideri Tale Bağırzadə ilə birlikdə 5 üzv hələ də həbsdə saxlanılır. Azadlığa buraxılanların bir qismi ölkəni tərk etdi, bir qismi isə yenidən repressiyaya məruz qalaraq həbs olundu və hazırda da məhkumluq həyatı yaşayır.
Bu gün ölkədə inanclıların, ictimai fəalların, jurnalistlərin, hətta inanclı qadınların belə həbsi göstərir ki, son 10 il ərzində təqib və təzyiqlər dayanmayıb, əksinə daha da kəskinləşib.
Bütün bunlar onu deməyə əsas verir ki, Nardaran hadisələri hakimiyyətin azadfikirliliyə və mübariz inanclılara qarşı həyata keçirdiyi amansız əməliyyatdan başqa bir şey deyildi. Bu gün belə Nardaran kəndində postların qalması, kəndə xüsusi nəzarətin 10 ildir davam etməsi əlavə izaha ehtiyac qoymur.
Aradan keçən 10 il yaranı tam sağaltmasa da, hər şeyi gün kimi aydınlaşdırır. Yaddaşlarımıza qanla yazılmış Qanlı Nardaran hadisəsini heç vaxt unutmayacağıq, unutdurmayacağıq.
26 noyabr 2025-ci il
8 saylı qapalı tipli cəzaçəkmə müəssisəsi
Ağa-Əli Yəhyayev Nardaran hadisələrinin 10-cu ildönümü ilə bağlı fikirlərini bölüşüb