26 noyabr Qanlı Nardaran hadisəsi 10 il sonra nəyi göstərir?!

Aradan 10 il keçdikcə, 26 noyabrda Nardaranda baş vermiş qanlı hadisənin bir çox qaranlıq məqamları daha da aydın görünür. Uzun müddət mediada müzakirə olunan və həmin dövrdə yayılmış yanlış məlumatlarla aldadılan cəmiyyət bu gün Qanlı Nardaran olayının pərdəarxası detalları barədə daha geniş məlumata sahibdir. Bu hadisə həm kənddəki məzhəb təəssübkeşliyinə yönəlmiş siyasi təzyiqi, həm də ərazidə sonradan salınan Sea Breeze istirahət mərkəzi ilə bağlı yaranmış sualları 10 illik zaman kəsiyində daha aydın şəkildə gündəmə gətirib.
Xatırladaq ki, 26 noyabr 2015-ci ildə Nardaranda baş vermiş hadisə nəticəsində ikisi polis olmaqla 6 nəfər həyatını itirdi. 43 nəfər 10 ildən 20 ilə qədər ağır, 100-dən artıq şəxs isə 1 ildən 4 ilə qədər nisbətən yüngül cəza ilə azadlıqdan məhrum edildi. Sayı dəqiq bilinməyən daha çox insan isə 30–60 sutka inzibati həbs aldı. Üstəlik, 10 il keçməsinə baxmayaraq, kəndə giriş-çıxışın hələ də polis postları ilə ciddi nəzarət altında olması həmin dövrün acı mirası kimi qalıb.
Hazırda həbs təhlükəsi ilə üzləşən o dövrün hakimiyyət nümayəndələrinin 2015-ci ildə baş verənləri ölkənin “ən aktual problemi” kimi təqdim etmə cəhdlərinə toxunmazdan əvvəl qeyd olunmalıdır ki, Nardaran hadisəsi baş verən gündən bəri bütün ittihamlara baxmayaraq kənddən heç bir şəxs “vətənə xəyanət” maddəsi ilə həbs edilməyib.
Hakimiyyətin bu hadisəyə qlobal siyasi don geyindirməsinə baxmayaraq, zaman keçdikcə çevrilişə cəhdin gerçək iştirakçıları daha aydın ortaya çıxdı. Heydər Əliyev ordeni ilə təltif olunmuş Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhdlə bağlı qalmaqallarda adının hallanması, əslində, illərlə üstüörtülü qalan həqiqətin üzə çıxması üçün zamanın gərəkdiyini göstərdi.
Bu on il ərzində hadisə ilə bağlı bir çox məqamlar da aydınlaşdı. Ən əsas nəticələrdən biri: hakimiyyət uzun illərdir razılaşmadığı bir məkana – ənənəvi olaraq mühafizəkar və sərt mövqeyi ilə seçilən Nardarana – sərt zərbə vurmaqla bütün ölkəyə mesaj vermək və cəmiyyətdə qorxu yaratmaq istəyirdi. Dünənə qədər daim mübarizə aparan və hakimiyyət üçün narahatlıq mənbəyi olan bu kənd həm də başqa ünvana veriləcək “göz dağı” üçün ən uyğun məkana çevrilmişdi və 26 noyabrda bu plan ən sərt şəkildə həyata keçirildi.
Bundan başqa, ən inanclı və məzhəbi bölgələrdən birinin hədəfə alınması ölkədə şiə icmasına qarşı repressiv siyasətin başlanğıc nöqtəsi kimi qiymətləndirilir. Bu gün yüzlərlə inanclının həbs edilməsi, onlarla ruhaninin ittihamlarla üzləşməsi, şiə icmalarının, dini media və nəşrlərin, mədrəsələrin, dini atributların, məscid icmalarının təzyiq altında qalması həmin siyasətin çox daha əvvəl planlaşdırıldığını göstərir.
Sea Breeze layihəsinin genişlənməsi üçün məhz Nardaran kimi mühafizəkar bölgədə iri ərazilərin asanlıqla alınması da hadisələrin daha bir diqqətçəkən tərəfidir. Kənd əhalisinin mühafizəkar mövqeyi səbəbilə uzun illər toxunulmamış bu böyük torpaq sahələrinin sonradan çox cüzi ödənişlə alınaraq istirahət kompleksinə çevrilməsi bu gün də ciddi suallar doğurur. Nardarandakı postların saxlanılması isə əraziyə gəliş-gedişin nəzarətdə qalmasına şərait yaradaraq layihənin genişlənməsi üçün “yaşıl işıq” rolunu oynadı.
On ili geridə qoyan 26 noyabr hadisəsi ilə bağlı maraqlar və mübahisələr hələ də davam edir. Bu hadisə səbəbilə Tale Bağırzadə başda olmaqla onlarla şəxs ağır və uzunmüddətli cəzalara məhkum olunaraq hələ də həbsdə saxlanılır. Onların böyük əksəriyyəti beynəlxalq təşkilatlar tərəfindən “vicdan məhbusu” kimi tanınır.