İraq Hizbullahı Trampın təhdidləri ilə bağlı xəbərdarlıq edib

"Kətaib Hizbullah" yayımlanadığı açıqlamada bildirib ki, ABŞ-ın İraqa son müdaxiləsi ölkənin siyasi qərar qəbuletmə mexanizmlərinə nüfuz etmək və onlara hakim olmaq məqsədi daşıyan planlaşdırılan müdaxilələr seriyasının bir hissəsidir.

Bəyanat ABŞ prezidenti Donald Trampın Nuri əl-Malikinin İraq baş naziri vəzifəsinə namizəd göstərilməsinə qarşı çıxmasından və Maliki hakimiyyətə qayıdacağı təqdirdə Bağdada maliyyə yardımını kəsəcəyi ilə hədələməsindən sonra yayılıb.

"Kətaib Hizbullah" Trampın açıqlamalarına cavab olaraq ABŞ-ın İraqa müdaxilələrinin daxili birliyi gücləndirmək və milli suverenliyi və müstəqilliyi möhkəmləndirmək üçün bir fürsətə çevrilməli olduğunu vurğulayıb.

İraq müqavimət qrupu ABŞ yanaşmasının İraqdakı siyasi qrupların mənəvi və tarixi məsuliyyətini artırdığını və bütün siyasi aktyorların hər cür xarici hökmranlığa qarşı ortaq və vahid mövqe tutmağa borclu olduğunu bildirib.

Bəyanatda həmçinin qeyd olunur ki, ABŞ-ın müdaxiləsi heç bir konkret şəxs və ya qrupu hədəf almır, əksinə İraqı öz təsiri və himayəsi altına salmağı və ölkənin müstəqilliyini şübhə altına almağı hədəfləyir. "Kətaib Hizbullah" həmçinin bəzi dairələrin "xarici lobbilərdən" faydalandığına diqqət çəkib.

"Əgər bu irrasional siyasət müqavimət və müxalifətlə qarşılaşmazsa, bu, İraqı yalnız təslim olmaq yoluna aparacaq, onu Amerika işğalçısının hökmranlığını qəbul etməyə məcbur edəcək və ölkəni asılılıq və normallaşma bataqlığına sürükləyəcək."

"Kətaib Hizbullah" bəyanatını İraq xalqının şərəf və inanclarının heç vaxt belə bir hökmranlığa yol verməyəcəyini vurğulayaraq yekunlaşdırıb. Bəyanatda vətənlərinin, müqəddəs dəyərlərinin və milli suverenliyinin müdafiəsi üçün şəhidlər verən bir xalqın təslim olmağı qəbul etməyəcəyi vurğulanyıb.