Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan Azərbaycandan dəmir yolu şəbəkəsi vasitəsilə Ermənistana mayeləşdirilmiş qazın (LNG) və bitumun daşınması ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, bu imkanlardan erməni biznesi də istifadə edə biləcək.
Papoyan bildirib ki, razılaşma çərşənbə axşamı əldə edilib. Nazir daşımaların hansı vaxtdan başlayacağını dəqiqləşdirməyib, əlavə detallar da təqdim etməyib.
Razılaşmanın icra mexanizmi barədə rəsmi məlumat verilməsə də, birbaşa infrastruktur məhdudiyyətləri səbəbindən tərəflər arasında yükdaşımaların əsasən Gürcüstan ərazisi üzərindən həyata keçirildiyi qeyd olunur. Bu dəfə də daşımaların böyük ehtimalla Gürcüstan marşrutu ilə baş tutacağı bildirilir.
Azərbaycan tərəfi razılaşmanı rəsmi şəkildə şərh etməyib. Bununla belə, hökumətyönlü “APA” xəbər agentliyi LNG və bitumun Rusiyadan tədarük olunacağını yazıb.
Məlumatda vurğulanır ki, bu razılaşma Azərbaycanla Ermənistan arasında ixrac əməliyyatlarının artdığı bir vaxta təsadüf edir. Azərbaycan 2025-ci ilin dekabrında Ermənistana ilk yanacaq partiyasını göndərib. Daha sonra yeni partiyalarla yanaşı, Rusiyadan və Qazaxıstandan buğda kimi digər məhsulların daşınması barədə də məlumatlar yayılıb.
Yanvarın 21-də Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycanın enerji sistemləri “mütləq və birmənalı şəkildə” bir-biri ilə birləşdiriləcək. O, 2025-ci ilin dekabrından başlayan Azərbaycan yanacağı idxalından sonra ölkədə yanacağın qiymətlərində nəzərəçarpacaq ucuzlaşma olduğunu da qeyd edib.
Eyni zamanda Ermənistan ABŞ-nin dəstəklədiyi və vasitəçilik etdiyi TRIPP (Trump Route) adlı infrastruktur layihəsinin tikintisi və icrası üçün zəmin hazırladığını açıqlayıb. Layihə Azərbaycanın Naxçıvanla əlaqəsini Ermənistan ərazisindən keçməklə təmin etməyi hədəfləyir.
Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev gələcəkdə yükdaşımaların birbaşa dəmir yolu ilə qarşılıqlı həyata keçirilməsini mümkün saydıqlarını bəyan ediblər.
Azərbaycandan Ermənistana maye qaz və bitumun daşınması ilə bağlı razılıq əldə olunub