Elvin Mustafayev məruz qaldığı təzyiqlər və tibbi yardımdan məhrum edildiyini bildirir

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin saxlanıldığı Umbakı Penitensiar Kompleksində təzyiqlərə məruz qaldığı və tibbi yardımdan məhrum edildiyi bildirir.

Bu barədə onun yaxınları sosial media vasitəsi ilə məlumat yayıblar.

"Verilən işgəncələr nəticəsində səhhətimdə yaranan xəstəliklərin müalicəsi ilə bağlı dəfələrlə müraciət etsəm də, qəsdən boyun qaçırıblar…”, - deyə
Elvin Mustafayev yaxınlarına bildirib.

Mustafayev iddia edib ki, müəssisə rəhbərliyi xəstəliklərin patoloji hala çatmasını gözləyirlər.

Elvin Mustafayev 2023-cü ilin avqustunda narkotik maddələrin satışında ittiham olunaraq saxlanılıb.

2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib. Mustafayev ittihamı rədd edib və bunu onun “İşçi Masası”ndakı fəaliyyəti ilə əlaqələndirib.

2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.