Bu gündən etibarən hər həftənin CÜMƏ günü — “Xanımların Azadlığı Günü” elan edilsin

Müsəlman Birliyi Hərəkatının Avropa Nümayəndəliyi inanclı xanımların həbs müddətinin artırılması, eyni halda hərəkat lideri Tale Bağırzadənin məlum hadisə və yayımladığı bəyanatla bağlı paylaşım edib. Paylaşımda deyilir:

Müsəlman Birliyi Hərəkatının Avropa Nümayəndəliyi olaraq, Biz Liderimiz Hacı Tale Bağırzadənin inanclı xanımların əsassız şəkildə həbs olunması və onların həbs müddətlərinin süni şəkildə uzadılması ilə bağlı səsləndirdiyi bəyanatı tam dəstəkləyirik. Bu xanımların üzərinə yönəlmiş təzyiqlər təkcə onların deyil, bütövlükdə dini dəyərlərə bağlı cəmiyyətimizin mənəvi iradəsinə yönəlmiş addımlardır.

Hakimiyyətin inanc sahibi qadınlara qarşı sərgilədiyi bu münasibət, Tale Bağırzadənin vurğuladığı kimi, cəmiyyətdə süni şəkildə formalaşdırılmaq istənilən din modelinin zorla tətbiqi cəhdinin tərkib hissəsidir. 

Müsəlman Birliyi Hərəkatının Avropa Nümayəndəliyi olaraq bildiririk ki,
bu xanımların azad olunduğu günə qədər dayanmayacağıq, səsimiz susmayacaq.

Biz Liderimiz Hacı Tale Bağırzadənin çağırışına qoşularaq elan edirik:
Bu gündən etibarən hər həftənin CÜMƏ günü — “Xanımların Azadlığı Günü”dür.

Bu gün  müsəlmanların birlik günüdür və biz öz inanclı bacılarımızın azadlığı uğrunda mübarizəmizi daha nizamlı, ardıcıl və məqsədyönlü şəkildə davam etdirəcəyik.

Biz inanırıq ki, haqqın səsi gec-tez öz ədalətli cavabını alacaq. 

Biz birlikdə güclüyük və birliyimizlə bu ədalətsizliklərin qarşısında dayanacağıq.

Allahın izni ilə ədalət bərqərar olacaq.

Güc və qüdrət yalnız Allaha məxsusdur.

Müsəlman Birliyi Hərəkatının Avropa Nümayəndəliyi

21 noyabr 2025