Ailəsi: “Tofiq Yaqublu ‘kars’a salınıb, buna etiraz olaraq aclığa başlayıb“

Həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublunun saxlanıldığı Bakı İstintaq Təcridxanasında 1 həftə müddətinə cərimə kamerasına ("kars") salındığı bildirilir. 

Bu barədə onun qızı Nigar Həzi sosial media hesabında vəkil Nemət Kərimliyə istinadən məlumat verib. 

Onun sözlərinə görə, fevralın 25-də vəkil T.Yaqublu ilə görüşmək üçün təcridxanaya gedib və siyasətçinin artıq 3 gündür "kars”a salındığı məlum olub. 

"Onun barəsində İlham Əliyevin əmri ilə 7 sutka kars cəzası verilib. Guya Tofiq Yaqublu kamerada axtarışa mane olub. Halbuki keçən bazar günü biz görüşəndə demişdi ki, bir neçə gün qabaq kameraya yoxlamaya gəlmişdilər, yoxladılar və getdilər", - N.Həzi qeyd edib. 

N.Həzi əlavə edib ki, atası "əsassız yerə karsa salındığı üçün, qanunsuz məhkəmə hökmünə etiraz olaraq və ABŞ-nin Azərbaycandakı səfirliyinin insan haqlarının kobud şəkildə pozulmasına açıq göz yumduğuna görə" aclıq aksiyasına başlayıb. 

O, siyasətçinin "kars”a salınmasını fevralın 19-da Vaşinqtonda İlham Əliyevin qaldığı hotelin önündə keçirilən, qardaşı Rəhim Yaqublunun iştirak etdiyi etiraz aksiyası ilə əlaqələndirib. 

"İlham Əliyev Vaşinqtonda üzləşdiyi gerçəkliyin heyifini Tofiq Yaqubludan və digər siyasi məhbuslardan çıxır. 

Bütün siyasi məhbuslara qarşı total sərt davranışlara keçmək əmri verilib. Tofiq Yaqubluya qarşı davranış İlham Əliyevin açıq qərəzi və qisasıdır!", - o vurğulayıb. 

Milli Şuranın və Müsavat Partiyasının üzvü olan Tofiq Yaqublu ötən il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib. 

Özü isə ittihamları qurama sayır. 

T.Yaqublu hökmə etiraz olaraq aprelin 1-dən mayın 10-a qədər aclıq edib. 

O, 2013-cü ildə də İsmayıllıda etirazlarda iştirak etdiyinə görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq ictimaiyyət, ABŞ və Avropa İttifaqı tərəfindən onun həbsi pislənilib. T.Yaqublu 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb.