Tale Bağırzadə: “Cahad Babakişizadəyə qarşı son addımlar təxribatdır və qarşısı alınmasa biz də etiraza qoşulacağıq”

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə Umbakıda aclıq aksiyası keçirən Cahad Babakişizadə ilə bağlı narahatlığını ifadə edib. O, Cahada qarşı planlı təxribatın və ciddi təzyiqin baş verdiyini bildirərək bu addımları kəskin pisləyib. Məsələnin Penitensiar Xidmətin həllinə ciddi yanaşmalarını tələb edən ilahiyyatçı əks halda özünün də etiraz olaraq aclıq aksiyasına qoşulacağını söyləyib.
“Bütün yaşananlar ciddi təxribat faktlarını ortaya qoyur. İyrəc oyun Cahad Umbakıya gələn andan ona qarşı icra edilir. Biz bunu qəbuledilməz özbaşınalıq adlandırır və tez bir zamanda həllini tələb edirik. Əks halda biz də baş verən zorakılığa etiraz olaraq aclıq aksiyasına qoşulacağıq.”
Xatırladaq ki, avqustun 30-da Cahad Babakişizadə Umbakıya köçürülüb və karantinə alınıb. Sentyabrın 14-də isə karantin müddətini bitirərək o, üç nəfərlik kameraya yerləşdirilib.
Sentyabrın 18-də son telefon əlaqəsi yaradan Cahad bildirib ki, ona burada iki aylıq rejim tətbiq edilib və bu səbəbdən o nə görüşə çıxa, nə azuqə ala, nə də zəng edə bilməyəcək.
Son məlumatlara görə isə Cahad Babakişizadə təzyiq səbəbindən sentyabrın 29-da özünə xəsarət yetirərək bədənini kəsib, oktyabrın 7-dən isə aclıq aksiyasına başlayıb. Vəziyyətinin hər ötən gün ağırlaşdığı bildirilən Babakişizadə kamera şəraitində saxlanılır.