FIFA Dünya Çempionatında İranın şah dövrünə aid bayrağını qadağan edəcək

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2026-cı il Dünya Çempionatı zamanı İranın İslam İnqilabından əvvəl istifadə olunan bayrağının stadionlarda nümayişini yenidən qadağan etməyə hazırlaşır.

Bu barədə “The Athletic” nəşri məlumat yayıb. Bildirilir ki, FIFA stadion davranış qaydalarına əsaslanaraq siyasi, təhqiredici və ya ayrı-seçkilik xarakterli bayraq, plakat və digər simvolların yarış məkanlarına gətirilməsini qadağan edir.

Qətərdə keçirilən 2022-ci il dünya çempionatı zamanı bu qaydanın tətbiqi ardıcıl olmasa da, 2026-cı ildə qadağanın bütün stadionlarda vahid şəkildə icra ediləcəyi gözlənilir.

Məlumata görə, İran Futbol Federasiyası milli komandanın turnirdə iştirakı ilə bağlı FIFA-ya bir sıra tələblər təqdim edib. Həmin tələblər arasında “İran bayrağına hörmət” məsələsi də yer alıb. FIFA isə İran futbol rəsmiləri ilə aparılan son danışıqları “mükəmməl” və “konstruktiv” adlandırıb.

İranın bayrağındakı simvollar 1980-ci ildə İslam Respublikası hakimiyyətə gəldikdən sonra yeni simvolla əvəz olunub. Yeni rəmz eyni anda laləni, qılıncı və ərəb qrafikasında “Allah” sözünü xatırladan stilizə edilmiş işarədən ibarətdir. Bayrağın kənarlarında isə “Allahu Əkbər” ifadəsi 22 dəfə təkrarlanır ki, bu da İran təqvimi ilə inqilabın tarixini simvolizə edir.

İran millisi dünya çempionatının G qrupunda Yeni Zelandiya, Belçika və Misirlə qarşılaşacaq. Turnir iyunun 11-də başlayacaq.