Azərbaycanın milyonlar qazanacağı liman niyə bombalandı?

ABŞ ordusu İranın cənubundakı bir neçə hədəfə zərbə endirib.

Məlumatı Fox News ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokinsə istinadən məlumat yayıb:

"ABŞ ordusu bu gün İranın cənubunda özünümüdafiə məqsədilə qüvvələrimizi İran qüvvələrinin yaratdığı təhdidlərdən qorumaq üçün zərbələr endirib. Hədəflər arasında raket buraxılış məntəqələri və İran qayıqları da var idi".

“Fox News” jurnalistinin sözlərinə görə, hücum nəticəsində Bəndər Abbas şəhəri yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki qayığı, eləcə də raket buraxılış məntəqəsi məhv edilib. ABŞ ordusu zərbələrin müdafiə xarakterli olduğunu və İranla mövcud atəşkəsin pozulmadığını elan edib.

İranın Bəndər-Abbas limanı Azərbaycanın iştirakçı olduğu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində mühüm əhəmiyyətə malikdir.

İranın beynəlxalq əhəmiyyətə malik olan iki limanı var. Onlardan biri Fars körfəzindəki Bəndər-Abbas, digəri isə Hind Okeanına çıxışı olan Çabahar limanıdır. Bəndər-Abbas limanı körfəz ölkələrinin, Çabahar limanı isə Cənub-Şərqi Asiya ölkələrinin Avropa ilə ticarət əlaqələrində mühüm rol oynayır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi də məhz bu limanlara görə əhəmiyyətlidir. ABŞ zərbə vurduğu bu limanın Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, İrana daxil olan yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu vasitəsilə Rusiyaya, oradan isə Avropaya daşınacaq. “Şimal-Cənub” dəhlizi Avropa və Asiya arasında ən qısa və ən səmərəli tranzit marşrutudur.

Hindistan və Cənub-Şərqi Asiyadan mallar İranın Bəndər-Abbas limanı və Azərbaycan ərazisi vasitəsilə çatdırılacağını nəzər tutur. Marşrut üzrə potensial daşıma həcmi ildə 15 milyon tona qədərdir. Bu, Azərbaycan üçün əhəmiyyətli tranzit potensialı yaradır – ildə təxminən 250-300 milyon ABŞ dolları gəlir əldə edə bilər. Bu kontekstdə “Şimal-Cənub” dəhlizinin qərb marşrutu – Rusiyanın Həştərxan və Mahaçqala şəhərləri vasitəsilə daha sonra Azərbaycan ərazisindən Samurdan Astaraya qədər və daha sonra İranın tikintisi davam edən Astara-Rəşt-Qəzvin dəmir yolu xətti ilə – region və ilk növbədə Azərbaycan üçün strateji əhəmiyyət daşıyır.

Təsadüfi deyil ki, ABŞ-İran müharibəsindən bir qədər əvvəl Azərbaycan nümayəndə heyəti İranın Bəndər Abbas limanında olmuşdu. Belə ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri çərçivəsində Bəndər-Abbas şəhərində yerləşən Şimal-Cənub nəqliyyat dəhlizinin vacib tərkib hissəsi olan limandakı şəraitlə tanış olmuşdu.

 

Musavat