Belçika Fələstini tanıyacaq, İsrailə isə sanksiyalar tətbiq edəcək

Belçika BMT Baş Assambleyasında Fələstini tanıyacaq, İsrailə sanksiyalar tətbiq edəcək.
Belçikanın xarici işlər naziri Maksime Prevot bu ay Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında ölkəsinin Fələstin dövlətini tanıyacağını açıqlayıb.
Nazir bildirib ki, tanınma ilə yanaşı İsrail hökumətinə qarşı 12 sahədə ciddi sanksiyalar tətbiq olunacaq. Bunlara işğal olunmuş ərazilərdən məhsul idxalına qadağa, İsrail şirkətləri ilə dövlət satınalmalarına məhdudiyyətlər, qanunsuz məskənlərdə yaşayan belçikalılara konsulluq yardımının məhdudlaşdırılması, uçuş və tranzit qadağaları, həmçinin israilli nazirlərin “arzuolunmaz şəxs” elan edilməsi daxildir.
Prevot əlavə edib ki, Belçika həmçinin iki dövlətli həll yolunu nəzərdə tutan Nyu-York Bəyannaməsinə qoşulacaq. Lakin tanımanın inzibati rəsmiləşdirilməsi yalnız HƏMAS əsirliyindəki israilli girovların azad olunmasından və HƏMAS-ın Fələstində idarəetmə imkanlarının tam aradan qalxmasından sonra həyata keçiriləcək.
Fransa, Böyük Britaniya, Kanada, Portuqaliya, Malta və Avstraliya da Fələstini tanıyacağını açıqlayıb. Hazırda Fələstini 140-dan çox dövlət tanıyır.