İŞİD-in “xilafət” elan etdiyi məscid 8 ildən sonra yenidən açılıb

850 ilə yaxındır şəhərin simvolu olan əyilmiş minarə İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin 2014-cü ildə “xilafət” elan etdiyi yer kimi tarixə düşüb.

İraqın baş naziri Məhəmməd Şiə Sabbar əl-Sudani bazar ertəsi Mosulun tarixi köhnə şəhərində yerləşən Əl-Nuri Böyük Məscidini və onun əyilmiş minarəsini rəsmi olaraq açıb. Məscid 8 il əvvəl İraq və Suriya İslam Dövləti (İŞİD) silahlıları tərəfindən dağıdılıb.

Təxminən 850 ildir şəhərin simvolu olan əyilmiş minarə 2014-cü ildə İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin "xilafət" elan etdiyi yer kimi tarixə düşüb. Lakin 2017-ci ildə qruplaşma İraq ordusu ilə Mosul uğrunda gedən döyüşdə məğlubiyyətə yaxınlaşarkən məscidin içərisinə partlayıcı yerləşdirib və partladıb.

Yenidənqurma prosesi YUNESKO tərəfindən əlaqələndirilib. İraqın irs qurumları və sünni dini qurumları ilə əməkdaşlıq edən YUNESKO minarəni dağıntılardan xilas edilmiş materiallardan və ənənəvi texnikalardan istifadə edərək yenidən tikib. Layihə üçün 115 milyon dollar toplanıb, ən böyük töhfələr Birləşmiş Ərəb Əmirlikləri və Avropa İttifaqı tərəfindən verilib.

Baş nazir əl-Sudani açıqlamasında məscidin yenidən qurulmasını “İraq xalqının qəhrəmanlığını, öz torpaqlarını müdafiə etməsini və düşmənlərinin məhv etmək istədikləri hər şeyi yenidən qurmaq iradəsini simvolizə edən əlamətdar hadisə” kimi qiymətləndirib.

Baş nazir: "Mədəniyyətə dəstəyimizi davam etdirəcəyik. Biz İraq irsini dünyaya açan, davamlı inkişaf üçün imkanlar təmin edən və gənclər üçün innovasiyaları təşviq edən bir yer kimi təbliğ etmək səylərimizi davam etdirəcəyik” deyib.

İŞİD öz zirvəsində İraq və Suriyada İngiltərənin yarısı qədər əraziyə nəzarət edirdi. Qrup dinc sakinləri vəhşicəsinə edam etməklə, İraqın ən qədim dini icmalarından biri olan yezidi qadınları əsarət altına almaqla və onlara cinsi təcavüz etməklə tanınırdı.

 

İŞİD məscidi dağıdıb

Yenidənqurma layihəsi təkcə məscidi təmir etməyib, həm də müharibə nəticəsində zədələnmiş kilsələri bərpa edib. Məqsəd Mosulun azalan xristian icmasının mirasını qorumaqdır. Sudani deyib ki, Mosul bütün icmaları əhatə edən və “İraqın müxtəlifliyini əks etdirən” bir şəhərdir.

BMT müstəntiqlərinin fikrincə, İŞİD xristianlara qarşı hərbi cinayətlər törədib, onların əmlakını ələ keçirib, dinini qəbul etməyə məcbur edib, cinsi zorakılıq edib, dini və mədəni obyektləri dağıdıb.

2003-cü ildə Mosulda təxminən 50.000 xristian yaşayırdı və bu gün daimi xristian ailələrinin sayı 20-dən azdır. Buna baxmayaraq, Kürd bölgəsinə köçən bəzi ailələr hələ də kilsə xidmətlərinə görə şəhərə qayıdırlar.

Ekspertlərin fikrincə, Mosulda aparılan yenidənqurma layihəsi müharibə nəticəsində dağılmış mədəni irs obyektlərinin bərpası üçün nümunə ola bilər. Bu yanaşmanın 14 ildir davam edən vətəndaş müharibəsindən sonra sağalmaqda çətinlik çəkən qonşu Suriyada təqlid oluna biləcəyi bildirilir.