Bu gün Cəməl müharibəsinin ildönümüdür

Hicri təqvimi ilə 36-cı il cəmadiul əvvəl ayının 10-u İslam tarixində ilk böyük daxili qarşıdurma olan Cəməl müharibəsinin ildönümüdür.

Bu döyüş həzrət Əlinin (ə) ordusunun qələbəsi ilə nəticələndi. Cəməl hadisəsi Osmanın qətlindən sonra camaatın imam Əli (ə) ilə beyət etməsi ilə başladı. Beləki bu işdən xəbərdar olan Aişə,  Məkkədə Osmana olunan zülmə görə fəryad etdi. Həzrət Əlinin (ə) hökumətində məqam istəyən Təlhə və Zubeyr, öz məqsədlərinə çatmayacaqlarını gördükdə, ümrə ziyarəti bəhanəsiylə Mədinədən
çıxaraq Aişəyə qoşuldular.
Həmçinin əvvəllər Osmanın məmuru olan və sonradan imam Əlinin (ə) vasitəsi ilə məmuriyyətdən azad olan Abdullah ibn Amir, Aişəyə kömək etmək üçün Məkkəyə gəldi və ona iki yüz dinar qiymətində bir dəvə hədiyyə etdi. Onlar hamısı Aişəyə təklif etdilər ki, Bəsrəyə tərəf yola düşsün.

Çünki o şəhərin adamları Aişəni görəcəyi təqdirdə ona qoşulacaqdı. Aişə, onların təklifini qəbul edib  Bəsrəyə tərəf yola düşdü.

İmam Əliyə (ə) düşmən olan dəstədən bir qrup  gecəylə həzrət Əlinin (ə) nümayəndəsi olan Osman ibn Hunəyfin evinə girib
onu əsir götürdülər və ona çoxlu işkəncələr verdilər.

Hətta nəql olunur ki, onun saqqalını yoldular. Sonra beytul-malı ondan istədilər və mühafizəçilərin çoxunu öldürəndən sonra, müsəlmanların beytul-malını qarət etdilər. (Tətimmətul-muntəha; səh.32).
Qiyamçıların xəbəri, Mədinədə Əmirəlmöminin İmam Əliyə (ə) çatanda, Səhl ibn Hunəyfi  öz yerinə təyin edib, Peyğəmbərin (s) bir çox  səhabəsi və Mədinənin camaatı ilə birgə (rəvayətlərdə qoşunda olanların sayı dörd min nəfər bildirilir) tələsik İraqa tərəfə hərəkət etdilər.

Bəzi rəvayətlərdə də, Səid ibn Cubeyr, ənsardan səkkiz yüz və “Beyəti Rizvan” da iştirak edənlərdən dörd yüz nəfər Cəməl döyüşündə İmam Əli (ə) ilə birlikdə idi. (Tarixe xəlifə ibn Xəyyat; səh.174).
Heç bir vəchlə bu döyüşə razı olmayan Həzrət Əli (ə), Bəsrəyə daxil olandan sonra üç gün ardıcıl məktub göndərərək onları bu qiyamdan əl çəkməyə çağırdı.

Buna baxmayaraq onlar əsla bunu qəbul etmədilər. (Əxbarul-Təval; səh.147).

Beləliklə Cəmadiüs-sani ayının 10-cu
günü döyüş başladı və günortadan gecəyə qədər davam etdi. Münaqişə, daha çox Aişənin dəvəsinin ətrafında idi. (Hətta nəql olunub ki, Aişənin dəvəsinin cilovunu tutmaq istəyənlərdən yetmiş nəfərin əli kəsilib).
Nəticədə İmam Əlinin (ə) ordusu qalib oldu və Həzrət Əli (ə) Aişənin kəcavəsinin yanına gələrək buyurdu: “Ey Humeyra! Sənə müharibə etmək üçün çölə çıxmağı Peyğəmbər (s) əmr etdimi? Sənə əmr etmədi ki, evində oturasan və çölə çıxmayasan? And olsun Allaha! Arvadlarını pərdə arxasında gizlədib səni çölə çıxaranların insafı yoxdur”.

Muhəmməd ibn Əbu Bəkr, bacısı Aişəni kəcavədən çölə çəkib həzrət Əlinin (ə) göstərişi ilə Haris ibn Əbi Təlhənin bacısı Səfiyyənin evinə apardı. Onu Məkkəyə, oradan da, Mədinəyə göndərdi. (Tətimmətul-muntəha; səh.36).

Bu döyüşdə İmam Əlinin (ə) iyirmi min nəfərdən ibarət olan qoşunundan beş min nəfəri şəhid oldu. Amma qarşı tərəfdən otuz min nəfərdən ibarət olan qoşunundan isə on üç min nəfər öldürüldü. (Əl-ədədul-qəviyyə; səh.54. Biharul-Ənvar; cild.32, səh.211).
Əmirəlmöminin Əlinin (ə) xüsusi şiələrindən olan Zeyd ibn Suhan bu döyüşdə şəhadətin ən uca məqamına nail oldu. Həzrət Əli (ə) onun başının üstünə gələrək buyurdu: “Ey Zeyd! Allah sənə rəhmət etsin ki, dünyaya məhəbbətin az, dinə köməyin çox idi!”. (Tətimmətul-muntəha; səh.37).

Qeyd edək ki, sünni tarixçisi ət-Təbərinin yazdığına görə, yolda itlərin hürməzi zamanı Aişə xanım Bəsrəyə gedən yolda vahiməyə düşmüş və bu Məhəmmədin peyğəmbərin illər əvvəl öz zövcələrinə etdiyi qorxunc xəbərdarlığını xatırlatmışdır: “Xanımlarımdan birinin Allahın əmrindən çıxaraq dəvəyə minib müharibəyə gedəcəyini və Həvab suyunun başında itlərin hürməsi ilə qarşılaşacaq.” Aişə ağlaya-ağlaya geri qaytarılmasını istəyir və hətta kampaniyadan əl çəkməyi planlaşdırır, lakin Təlhə və Zübeyr onu fikrindən daşındırır. Onu da qeyd edək ki, “Həvab yaxınlığında itlərin hürməsi” bir çox Əhli-Sünnə hədislərində nəql olunur.