Avropa İttifaqı Ermənistanda müşahidə missiyasının fəaliyyətinə davam edəcək

Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan sərhədindəki müşahidə missiyasının fəaliyyətinə davam edəcəyi bildirilir.
Bunu Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos "Azadlıq Radiosu"na açıqlamasında deyib.
"Bildiyimə görə, Ermənistan xalqı və hakimiyyəti Avropa İttifaqının Ermənistandakı missiyasını alqışlayır. Missiya fəaliyyətini davam etdirir. Hər hansı dəyişikliyə ehtiyac yaranarsa, bunu üzv dövlətlərimizlə və, əlbəttə, Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik. Ancaq indiki mərhələdə erməni ictimaiyyətini əmin etmək istəyirəm ki, Avropa İttifaqının missiyası mandatına uyğun fəaliyyətini davam etdirəcək", – səfir qeyd edib.
Maraqos əlavə edib ki, Aİ missiyası Ermənistan hakimiyyətinin dəvəti ilə ölkədədir.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin parafladığı sülh sazişi mətnində deyilir ki, tərəflər sərhədlərinə üçüncü tərəf qüvvələrini yerləşdirməməlidir.
Aİ missiyası Ermənistana 2023-cü ilin fevralında gəlib. Bu ilin yanvarında missiyanın Ermənistanın sərhəd bölgələrində 2027-ci il fevralın 19-dək qalmasına qərar verilib.
Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında Ermənistandakı Aİ missiyasını casusluqda ittiham edib, onun fəaliyyətini "binokl diplomatiyası" adlandırıb.