Suriyada şiə məscidində terror

Suriya Səhiyyə Nazirliyi Homs şəhərinin Vadi əz-Zəhəb məhəlləsində yerləşən İmam Əli bin Əbu Talib məscidində bu gün baş verən terror partlayışı nəticəsində 8 nəfərin həlak olduğunu, 18 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını açıqlayıb.

Nazirlik bildirib ki, bu rəqəmlər ilkin və qeyri-yekun məlumatlardır.

Nazirliyin “Telegram” kanalında yayımlanan bəyanatda qeyd olunub ki, hadisə baş verən kimi təcili tibbi yardım, təxliyə və sürətli reaksiya qrupları əraziyə cəlb edilib. Yaralılara ilkin tibbi yardım göstərilib və onlar müalicə üçün dövlət xəstəxanalarına çatdırılıblar.

Səhiyyə Nazirliyi baş verən terror aktını dərin kədər və təəssüf hissi ilə izlədiyini bildirərək, həlak olanların ailələrinə başsağlığı verib, yaralılara isə tezliklə şəfa diləyib.

Təhlükəsizlik mənbəsinin verdiyi məlumata görə, ilkin araşdırmalar partlayışın məscidin daxilində yerləşdirilmiş partlayıcı qurğular nəticəsində baş verdiyini göstərir.

Hadisədən dərhal sonra daxili təhlükəsizlik qüvvələri əraziyə cəlb olunub, məscid ətrafında təhlükəsizlik kordonu yaradılıb. Aidiyyəti qurumlar hadisə ilə bağlı istintaqa başlayıb, sübutların toplanması və cinayəti törədən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Eyni zamanda, mülki müdafiə qüvvələri yaralıların xilas edilməsi, həlak olanların cəsədlərinin çıxarılması və partlayışın yaratdığı dağıntıların aradan qaldırılması işlərini həyata keçirib.