Azərbaycan Qəzzaya qüvvə göndərməklə bağlı şübhəsini açıq dilə gətirir

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev son günlər Qəzzada beynəlxalq sülhyaratma qüvvəsində iştirakla bağlı Bakının şübhəsini açıq dilə gətirib. O, bir neçə xarici media qurumuna bu haqda danışıb.

Yaponiyanın "Nikkei" nəşrinə müsahibəsində H.Hacıyev deyib ki, Bakının belə bir qüvvədə iştirakı çətin olacaq və buna mandatın miqyası ilə bağlı məsələləri əsas gətirib.

"Bununla bağlı yekun qərar verilməyib", – o vurğulayıb.

ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş atəşkəs planında Qəzzada beynəlxalq sülhyaratma qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulub. BMT-nin Təhlükəsizlik Şurası ötən ay bu qüvvənin yaradılması üçün qətnaməni təsdiqləyib.

H.Hacıyev isə qətnamənin Qəzzadakı fəaliyyətin spesifik qaydaları, missiyanın mandatının miqyası ilə bağlı məsələlərə cavab vermədiyini deyib.

"Azərbaycan özünü yalnız müşahidəçi kimi görmür"

Prezidentin köməkçisi Azərbaycanın 2023-cü ildə Ermənistanla müharibə vəziyyətində olmasına diqqət çəkərək deyib ki, əhalini Qəzzaya qüvvə göndərməyə inandırmaq çətin olacaq.

Dekabrın əvvəlində də Azərbaycan rəsmisi Dohada bir neçə media qurumuna oxşar fikirləri söyləmişdi. Adı çəkilməyən həmin rəsmi deyirdi ki, ABŞ hələ Azərbaycanda bu qüvvələrdən nə gözləməsi barədə substantiv söhbət aparmayıb. Müzakirə aparılsa, Vaşinqton görər ki, Bakının da digər ölkələrin BSQ-yə qoşulmasını önləyən oxşar şərtləri var.

H.Hacıyev "The Media Line" nəşrinə müsahibəsində isə deyib ki, hər hansı sabitləşdirmə qüvvəsi real olmalıdır, simvolik deyil, onu yerli əhali qəbul etməli, beynəlxalq miqyasda isə koordinasiya olunmalıdır.

"Azərbaycan özünü yalnız müşahidəçi kimi görmür. Biz regionları birləşdirən, asılılığı azaldan sistemlər qururuq, ortaq maraqlar yaradırıq. Sabitlik belə qurulur", – Hacıyev deyib.

Prezidentin köməkçisi Azərbaycanın postmüharibə dövründə Qarabağda apardığı bərpa işlərinə toxunub. O xəbərdarlıq edib ki, yalnız təhlükəsizliyə fokuslanan yanaşmalar iflasa məhkumdur: "İnteqrasiyasız bərpa sadəcə növbəti böhranı ertələyir".

Ankara amili

Təhlilçilərin fikrincə, Azərbaycan müstəqil şəkildə Qəzzaya qüvvə göndərməsi real görünmür, siyasi və logistik baxımdan Türkiyənin təşəbbüslərindən çıxış edə bilər. Bu ssenari isə Ankaranın Suriya və şərqi Aralıq regionunda ambisiyalarından ehtiyat edən İsraili əndişələndirir, - "The Media Line" belə yazır.

Danışıqlardan agah mənbələr isə "Middle East Eye" (MEE) nəşrinə deyiblər ki, İsrailin Qəzzada Türkiyə hərbçilərini görmək istəməməsi Azərbaycan, Pakistan, Səudiyyə Ərəbistanı və İndoneziya kimi tərəfdaşları çəkindirib.

İordaniya kralı Abdulla oktyabrda BBC-yə bildirib ki, ölkəsi Qəzzaya hərbçi göndərməyəcək.

Türkiyə rəsmiləri MEE-yə anonimlik şərti ilə deyiblər ki, Türkiyənin iştirakı ilə bağlı yekun qərar yoxdur, gələn həftə İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Donald Trampın görüşündə bu məsələyə aydınlıq gələcəyini gözləyirlər.