“Fakt Yoxla” Rauf Arifoğlunun səsləndirdiyi iddianı yalanladı

“Yeni Müsavat” Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu öz müsahibəsində bildirib ki, müxalif media və partiyaların hamısı Heydər Əliyev dövründə formalaşdı, gücləndi, təşkilata, struktura çevrildi.

"Fakt Yoxla" iddianın doğru olub-olmadığını yoxlayıb.

1918-ci ildə elan edilmiş AXC parlamentində müxalif mövqedə olan partiyalar da mövcud idi.

1989-cu ilin oktyabrın 29-da bir qrup fəal Azərbaycan Milli Demokrat Partiyası "Yeni Müsavat"ı yaradırlar. İddianın müəllifi Rauf Arifoğlu da partiyanı yaradan şəxslər sırasında idi.

1992-ci ildə qeydiyyata alınmış və surətlə təşkilatlanmış siyasi partiyalar arasında Azərbaycan Milli İstiqlal Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası kimi partiyalar da olub.

1992-1993-cü illərdə hakimiyyətdə olan Azərbaycan Xalq Cəbhəsi 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası adı ilə siyasi partiya olaraq  qeydiyyata alınıb.

Azərbaycanda müstəqil mətbuatın da ilk nümunələri 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə aiddir.

Milli mətbuatın ilk nümunəsi olan "Əkinçi" qəzetinin yaranmasından 1918-ci ilin mayına qədərki dövrdə 40 adda qəzet çıxmış, AXC-nin 23 aylıq hakimiyyəti dövründə nəşrlərin sayı 200-ə yaxın olmuşdur.

Azərbaycanın ilk müstəqil kütləvi qəzeti olan “Azadlıq” qəzeti öz fəaliyyətinə 1989-cu ildə başlayıb. Bundan sonra tənqidi media kimi tanınan başqa qəzetlər də olub.

1991-1993-cü illərdə yaradılmış digər media qurumları arasında ANS kanalı, 525-ci qəzet, Hürriyyət qəzetləri də var idi.

Heydər Əliyevin 1993-cü ilin sonunda hakimiyyətə gəlməsindən sonra isə Azərbaycanda həm siyasi azadlıqlar məhdudlaşıb, həm də media çətinliklərlə üzləşməyə başlayıb. Mətbuat azadlığını ciddi şəkildə məhdudlaşdıran yeni media qanununa etiraz olaraq aclıq aksiyası keçirənlər arasında Rauf Arifoğlu da olub.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Rauf Arifoğlunun səsləndirdiyi iddia yanlışdır.