“Human Rights Watch”: “2025-ci ildə Azərbaycanda repressiyalar dərinləşib, “qorxu mühiti” möhkəmlənib”

“Human Rights Watch” (HRW) təşkilatı fevralın 4-də dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatını dərc edib. Hesabatın Azərbaycanla bağlı hissəsində bildirilir ki, 2025-ci ildə ölkədə insan haqları ilə bağlı mənfi mənzərə daha da pisləşib.

HRW-nin qiymətləndirməsinə görə, hökumət müstəqil mediaya, siyasi rəqiblərə və vətəndaş cəmiyyətinə qarşı təzyiqləri artırmaqla müxalif fikri susdurub və cəmiyyətdə qorxu mühitini daha da möhkəmləndirib. Təşkilat yazır ki, hakimiyyət sürgündə olan bloqer və jurnalistlərə qarşı da əsassız cinayət ittihamları irəli sürüb, onların bir qismini qiyabi məhkum edib. Hesabatda, həmçinin, vətəndaş cəmiyyətini iflic edən qanunların qəbul edilməsinin və bu qanunların özbaşına tətbiqinin davam etdiyi vurğulanır. Təşkilatın qeydincə, saxlanma yerlərində işgəncə və pis rəftar halları cəzasızlıq şəraitində davam edib.

HRW bildirir ki, beynəlxalq nəzarət və tənqidə “məhəl qoymamaq” xətti çərçivəsində Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əlaqəli qurumların fəaliyyətini dayandırıb və ya onları ölkədən çıxarıb. Bu siyahıya BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) də daxil edilib. Hesabatda əlavə olunur ki, hakimiyyət qalan beynəlxalq media qurumlarının da akkreditasiyasını ləğv edib.

HRW-nin mətnində qeyd edilir ki, avqust ayında Ermənistan və Azərbaycan ABŞ vasitəçiliyi ilə Vaşinqton Bəyannaməsini imzalayıb. Sənəd Qarabağda onilliklərdir davam edən münaqişəyə son qoymaq, diplomatik münasibətlərin qurulması və regional əməkdaşlığın təşviqi məqsədilə sülh üçün geniş siyasi çərçivə müəyyənləşdirib. Razılaşma ABŞ-yə Ermənistan ərazisindən keçəcək 42 kilometrlik ticarət marşrutunun (TRIPP) inkişafı üzrə müstəsna hüquqlar verib. Həmin marşrut Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməlidir. HRW yazır ki, bu razılaşma, həmçinin, münaqişənin həlli üzrə ABŞ-Rusiya-Fransa həmsədrlik formatı olan ATƏT-in Minsk Qrupunun buraxılmasına gətirib çıxarıb. Təşkilat bildirir ki, Azərbaycan bəyan edilən öhdəliklərə baxmayaraq, 2023-cü ilin sentyabrında Qarabağdan gedən etnik ermənilərin təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmaq hüququnun təmin edilməsi və onların mülkiyyət hüquqlarının bərpası üçün “mənalı addımlar” atmayıb.

İfadə azadlığı və media

HRW-nin hesabatında deyilir ki, 2023-cü ilin sonundan başlanan müstəqil mediaya qarşı təzyiqlər 2025-ci ildə də davam edib və ən azı üç müstəqil media platforması hədəfə alınıb: “Meydan TV”, “Abzas Media” və “Toplum TV”.

Təşkilatın yazdığına görə, 2024-cü ilin dekabrında prokurorluq ölkədə əməkdaşları olan, sürgündə fəaliyyət göstərən ən böyük müstəqil Azərbaycan mediası kimi təqdim edilən “Meydan TV”yə qarşı cinayət işi başlayıb. HRW bildirir ki, 2025-ci ilin avqustuna qədər hakimiyyət bu media qurumu ilə əlaqələndirilən azı 12 jurnalisti “saxta qaçaqmalçılıq” ittihamları ilə saxlayıb. Daha sonra ittihamlar “qanunsuz sahibkarlıq”, “pul yuyulması”, “vergidən yayınma” və “sənəd saxtakarlığı” maddələri ilə genişləndirilib. Hesabatda qeyd olunur ki, ən son həbs avqustda baş verib. “Meydan TV” ilə əlaqələndirilən fotomüxbir Əhməd Muxtar saxlanılıb.

HRW-nin yazdığına görə, iyun ayında məhkəmə “Abzas Media işi” çərçivəsində həbs edilən yeddi jurnalisti - Ülvi Həsənli, Sevinc Vaqifqızı, Fərid Mehralızadə, Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və Məhəmməd Kekalovu oxşar ittihamlarla təqsirli bilib. Onlar 7 ildən 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası alıblar.

Hesabatda, həmçinin, “Toplum TV” jurnalistləri və əməkdaşlarına qarşı da “saxta” prosecslərin davam etdiyi bildirilir. HRW Şahnaz Bəylərqızının səhhətinə görə sonradan ev dustaqlığına buraxıldığını, jurnalist Fərid İsmayılovun isə hesabat yazılan vaxt məhkəməyədək həbsdə qaldığını qeyd edir.

HRW əlavə edir ki, hakimiyyət “BBC Azərbaycanca”nın, “Amerikanın Səsi”nin Azərbaycan xidmətinin və “Bloomberg” xidmətlərinin yayım lisenziyalarını dayandırıb və onların jurnalistlərinin akkreditasiyasını ləğv edib. Fevralda isə tanınmış onlayn media qurumu “Turan” İnformasiya Agentliyi maliyyə çətinliklərini əsas gətirərək bağlandığını elan edib.

Hesabatda qeyd olunur ki, mart ayında sürgündə olan bir neçə bloqer barəsində müxtəlif maddələrlə cinayət araşdırmaları başlanıb. İttihamlar arasında dələduzluq, terrorçuluq, kütləvi iğtişaşlara təhrik, hökumət göstərişlərinə tabe olmamaq və çevrilişə cəhd kimi maddələr də yer alıb. İyunda rayon məhkəmələri bir sıra sürgündə olan jurnalist və fəal barədə qiyabi həbs qərarları çıxarıb. HRW İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Orxan Ağayev, Qurban Məmmədov, Tural Sadıqlı, Orduxan Temirxan və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin adlarını sadalayıb. Hesabatda vurğulanır ki, onların hamısı Azərbaycan hakimiyyətini onlayn şəkildə açıq tənqid etmələri ilə tanınırlar.

HRW bildirir ki, iyulda Bakı məhkəməsi Qabil Məmmədovu və İmaməddin Əlimanovu konstitusion quruluşa qarşı cinayətlər də daxil olmaqla bir neçə maddə ilə qiyabi məhkum edib. Qabil Məmmədova 16 il, İmaməddin Əlimanova isə 7 il həbs cəzası verilib. Sentyabrda isə məhkəmə Məhəmməd Mirzəliyə oxşar ittihamlarla qiyabi 6 il 6 ay həbs cəzası kəsib.

Hesabatda deyilir ki, avqustda təsdiqlənən qanunvericilik dəyişiklikləri hökumətə media və qeyri-hökumət təşkilatlarına (QHT) nəzarət üçün geniş yeni səlahiyyətlər verib. Dəyişikliklər, o cümlədən, dövlətə məxsus Media İnkişaf Agentliyinə (MEDİA) rəsmi media reyestrində qeydiyyatdan keçməyən qurumların fəaliyyətini qadağan etmək imkanı yaradıb. Eyni zamanda QHT-lər üçün xarici maliyyələşmə ilə bağlı əlavə, ağır məhdudiyyətlər tətbiq edilib. Xidmət müqavilələri və ya digər xarici maliyyə dəstəyi üçün əvvəlcədən rəsmi təsdiq tələbi qoyulub. HRW yazır ki, tələblərə əməl edilməməsinə görə cərimələr fiziki şəxslər üçün təxminən 3 min ABŞ dollarınadək, hüquqi şəxslər üçün isə 9 min ABŞ dollarınadək müəyyən edilib.

HRW-nin hesabatında qeyd olunur ki, hakimiyyət müxalif fikri boğmaq üçün tənqidçiləri özbaşına saxlayıb və cinayət təqibinə cəlb etməyə davam edib.

Yanvarda məhkəmə siyasi fəal Bəxtiyar Hacıyevi mənimsəmə, qanunsuz sahibkarlıq, qaçaqmalçılıq və digər “iqtisadi cinayətlər” kimi təqdim edilən “saxta” ittihamlarla təqsirli bilib və onu 10 il həbsə məhkum edib. HRW əlavə edir ki, Hacıyevin həmkarı Rail Abbasov dələduzluq ittihamı ilə 6 il 6 ay həbs cəzası alıb.

Təşkilatın yazdığına görə, əmək hüquqları fəalları Afiəddin Məmmədov və Möhyəddin Orucov da “xuliqanlıq” və narkotik ittihamları ilə müvafiq olaraq 8 və 3 il həbs cəzasına məhkum ediliblər.

Martda məhkəmə transgender fəal Rauf Heydərovu 8 Mart - Beynəlxalq Qadınlar Günü etirazında həbsdə olan qadın jurnalistlərin fotosu olan plakatla iştirak etdikdən sonra “xırda xuliqanlıq” və “polisə tabe olmamaq” ittihamları ilə 30 sutka həbs edib. Elə həmin ay Bakı Ağır Cinayətlər Məhkəməsi müxalif lider Tofiq Yaqublunu sənəd saxtakarlığı və dələduzluq ittihamları ilə 9 il həbsə məhkum edib.

Apreldə məhkəmə keçmiş diplomat Emin İbrahimovu ağır bədən xəsarəti yetirmə ittihamı ilə 7 il azadlıqdan məhrum edib.

İyulda isə HRW-nin yazdığına görə, rep ifaçısı Epi (Əkbər Novruzlu) səhnədə siyasi fikirlər səsləndirdikdən sonra “narkotik saxlama” və “xırda xuliqanlıq” kimi ittihamlarla 30 sutka həbs edilib.

HRW əlavə edir ki, hakimiyyət sürgündə olan tənqidçilərin ailə üzvlərini də hədəfə alıb. Apreldə polis sürgündə olan bloqer Tural Sadıqlının əmisi Elmir Sadıqovu “silah saxlama” ittihamı ilə saxlayıb, oktyabrda isə məhkəmə ona 2 il 6 ay həbs cəzası verib. Yanvarda hakimiyyət hüquq müdafiəçisi Rüfət Səfərovun anasına qısa müddətlik ölkədən çıxış qadağası tətbiq edib.

Hesabatda deyilir ki, martda prokurorluq QHT-lər barəsində “qanunsuz sahibkarlıq” və “vergidən yayınma” ittihamları ilə araşdırmalar başlayıb. Bunun ardınca fəallar və təşkilat rəhbərləri Bəşir Süleymanlı, Məmməd Alpay (Məmmədzadə), Asəf Əhmədov və Zamin Zəki saxlanılıb. HRW bildirir ki, bu dörd nəfər hesabat yazılan vaxt məhkəməyədək həbsdə qalıb.

İyunda məhkəmə tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovu “dövlətə xəyanət” ittihamı ilə qapalı prosesdə 15 il həbsə məhkum edib.

Elə iyunda talış azlığını araşdıran tədqiqatçı İqbal Abilov da oxşar ittihamlarla 18 il həbs cəzası alıb.

Toplaşmaq azadlığı

HRW-nin hesabatında bildirilir ki, hakimiyyət toplaşmaq azadlığını kəskin məhdudlaşdırmağa və icazəsiz, dinc aksiyalara görə iştirakçıları cinayət təqibinə məruz qoymağa davam edib.

Sentyabrda polis müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Şura üzvlərinin dinc mitinq təşkil etmək cəhdlərinin bir neçəsinin qarşısını alıb.

Avqustda məhkəmə dini mərasimdə iştirak etdikdən və Fələstinə dəstək şüarları səsləndirdikdən sonra saxlanılan altı qadın barəsində 3 aylıq həbs qətimkan tədbiri qərarı çıxarıb. Onlara “qanunsuz dini fəaliyyət” ittihamı verilib. HRW yazır ki, polis onların saxlanma müddətində qeyri-insani rəftara məruz qaldıqları barədə məlumatlar var.

İyunda polis 18 yaşlı tələbə Elgün İbrahimovun ölümü ilə bağlı ədalətli istintaq tələbi ilə keçirilən aksiyada təxminən 50 nəfəri saxlayıb, onları telefonlarını və şifrələrini təhvil verməyə məcbur edib. Hakimiyyət İbrahimovun mayın 13-də tərk edilmiş yataqxananın həyətində tapıldığını və yıxılma nəticəsində aldığı xəsarətlərdən öldüyünü bildirib.

Yanvarda isə İmişli rayonunda polis avtomobilinin üç məktəbli uşağı vuraraq öldürməsindən sonra başlayan etirazlarda hakimiyyət təxminən 100 sakini saxlayıb və şəhərə çevik qüvvələr yerləşdirərək ərazini bağlayıb. HRW qeyd edir ki, iyulda məhkəmə 19 sakini xuliqanlıq və polisə tabe olmamaq ittihamları ilə 1 ildən 4 ilə qədər həbs cəzasına məhkum edib. Eyni zamanda, qəzanı törədən əməkdaşla bağlı hər hansı məlumat verilməyib.

Hesabatda deyilir ki, saxlanma yerlərində işgəncə və pis rəftarla bağlı məlumatlar geniş yayılmaqda davam edib.

Fevralda fəal Cəlal Cavadov həbsdə olarkən işgəncəyə məruz qaldığını və həbsdə olan jurnalistləri dəstəkləyən etiraza qatıldığı üçün saxlandıqdan sonra zorakılıqla sənədlər imzalamağa məcbur edildiyini bildirib.

Martda məhkəmə akademik Fazil Qasımovu “valyuta saxtakarlığı” ittihamı ilə 9 il həbsə məhkum edib. HRW yazır ki, Qasımov məhkəmədə polis əməkdaşlarının onu tualetə salaraq başını unitaza soxduğunu və elektrik cərəyanı verdiyini, başqa üsullarla da təzyiq göstərdiyini bildirib. Məqsədin tanınmış iqtisadçı Qubad İbadoğlunun əleyhinə ifadə verməyə məcbur etmək olduğu qeyd olunur. HRW əlavə edir ki, hesabat yazılan vaxt Qubad İbadoğlu 2024-cü ilin aprelindən etibarən “valyuta saxtakarlığı” ittihamı üzrə istintaq çərçivəsində əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra polis nəzarətinə verilmə qətimkan tədbiri ilə əvəzlənib.

Mayda polis əməkdaşlarının jurnalist Ülviyyə Əlini və ictimai fəal Əhməd Məmmədlini saxlanma zamanı döydüyü bildirilir. HRW-nin yazdığına görə, hakimiyyət bu iddialarla bağlı effektiv araşdırma aparmayıb.

İyulda Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanı Avropa Konvensiyasının 3-cü maddəsini pozmaqda təqsirli bilib. Məhkəmə 2015-ci ildə saxlanılan və uzunmüddətli həbs cəzaları alan dini fəal Taleh Bağırzadə və jurnalist Fikrət İbişbəylinin irəli sürdüyü işgəncə iddialarının effektiv araşdırılmadığını bildirib.