Suriya Demokratik Qüvvələri (kürdlər) ilə Suriya hökuməti arasında yeni razılaşma əldə olunub

Suriyanın şimal-şərqində kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) ilə Suriya hökuməti arasında yeni razılaşma əldə olunub.
“Associated Press”in məlumatına görə, razılaşmanın məqsədi atəşkəs rejiminin sabitləşdirilməsi, eləcə də tərəflərin hərbi və inzibati strukturlarının birləşdirilməsi istiqamətində addımların müəyyənləşdirilməsidir.
SDQ-nin yanvarın 30-da yayılan bəyanatında bildirilir ki, Suriya Daxili İşlər Nazirliyinə tabe təhlükəsizlik qüvvələri əvvəllər girişinə qadağa qoyulan, kürdlərin nəzarətində olan Əl-Həsəkə və Qamışlı şəhərlərinə daxil olacaq. Bundan sonra SDQ ilə hökumət qüvvələrinin inteqrasiyası prosesi başlanacaq.
Məlumata görə, Suriyanın şimal-şərqində kürdlərin nəzarətində olan və de-fakto muxtar zona kimi qiymətləndirilən ərazilərdə fəaliyyət göstərən strukturlar və onların əməkdaşları dövlət qurumlarına inteqrasiya ediləcək.
Razılaşmada “kürd xalqının mülki və təhsil hüquqları”nın yer aldığı, həmçinin köçkünlərin öz ərazilərinə qayıdışına təminat verildiyi qeyd olunur.
Bəyanatda vurğulanır ki, razılaşmanın məqsədi “Suriya ərazilərinin birləşdirilməsi və regionda tam inteqrasiya prosesinə nail olunması, maraqlı tərəflər arasında əməkdaşlığın gücləndirilməsi və ölkənin bərpası üçün səylərin birləşdirilməsi”dir.
Dəməşqdən hələlik rəsmi açıqlama verilməsə də, Suriya dövlət televiziyası adı açıqlanmayan məmura istinadən razılaşmanın imzalandığını təsdiqləyib.