Cin Kavalyer: “Azərbaycanda jurnalistlər üçün vəziyyət ağır olaraq qalır”

3 may Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Azərbaycan "Sərhədsiz Reportyorlar"ın bu ilki indeksində mətbuat azadlığı sahəsində dünyanın ən pis 10 ölkəsi sırasında yer alıb.

Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Cin Kavalyer "Toplum TV"-yə müsahibəsində Azərbaycanda mətbuat azadlığının vəziyyətindən və həbsdə olan jurnalistlərə dəstək kampaniyasından danışıb.

- “Sərhədsiz Reportyorlar”ın builki mətbuat azadlığı indeksində dünya ölkələrinin yarısından çoxunda bu sahədə geriləmə olduğu görünür. Azərbaycanda mətbuat azadlığının bugünkü vəziyyətini indeksin ilk dəfə hazırlandığı 25 il əvvəlki dövrlə necə müqayisə edə bilərsiniz?

- Geriləmə olduqca dramatikdir və davam edir. İndeksin ilk dəfə hazırlandığı 2002-ci ildə Azərbaycan 101-ci yerdə idisə, bu gün 171-ci yeri tutur. Bununla da, Azərbaycan bu sahədə ən pis 10 ölkə sırasında qərarlaşıb. Vaxtilə həssas hesab olunan mətbuat sahəsi indi total nəzarət altındadır. Müstəqil mətbu orqanlar ya fəaliyyətini dayandırmalı olub, ya da mühacirətə köçüb. Tənqidçilər həbs, təzyiq və ya senzura vasitəsilə susdurulub. Bu gün biz artıq mətbuata təzyiqdən danışmırıq, biz jurnalistikanın effektiv şəkildə məhv edildiyi bir ciddi vəziyyətdən danışırıq.

- Azərbaycan ötən illə müqayisədə indeksdə daha 4 pillə geriləyib. Son bir ildə hansı hadisələr bu geriləməyə səbəb olub?

- Bu geriləmə, xüsusilə, siyasi və hüquqi göstəricilərdəki kəskin geriləmə ilə əlaqəlidir. Siyasi baxımdan, biz daha intensiv təqiblər müşahidə edirik. Hakimiyyət mətbuat üzərində nəzarəti daha da möhkəmləndirib, bununla da müstəqil redaksiya siyasətinə son qoyub və mülayim tənqidçiləri də sıradan çıxarıb. Hüquqi baxımdan da vəziyyət həbslər və təqiblərə görə daha da pisləşib. Xatırlatmaq istəyirəm ki, Azərbaycanda 25 jurnalist qondarma ittihamlarla həbsdədir. Onların məhkəmə prosesləri ciddi ziddiyətlərlə keçib. Eyni dövrdə müstəqil media orqanları iflic edilib, xarici media qurumlarının fəaliyyəti məhdudlaşdırılıb, hətta xaricdəki jurnalistlər də hədəf alınıb. Azərbaycan ilk dəfə olaraq xaricdəki jurnalistlərə qarşı qiyabi cinayət işləri açıb. Bu dəyişikliklər göstərir ki, repressiyalar təkcə davam etmir, həm də eskalasiya edir və artıq institutlaşıb.

- Azərbaycan hakimiyyəti həbsdəki jurnalistlər barədə deyir ki, onlar qaçaqmalçılıq və bənzər cinayət əməlləri törədiblər, buna görə də onların həbsində siyasi motiv yoxdur. Bu iddiaya əsas varmı?

- Bu ittihamlar əsassızdır. Onlar jurnalistikanı kriminallaşdırmağa yönələn geniş bir strategiyanın tərkib hissəsidir. Korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızının işinə baxsaq, görərik ki, o, 2023-cü ilin noyabrında həbs olunub və ona qarşı qaçaqmalçılıq, vergidən yayınma və çirkli pulları yuma kimi ittihamlar irəli sürülüb. Halbuki bu iş ziddiyətlərlə doludur, ortada heç bir konkret fakt yoxdur. Əsas şahid ifadələri müəmmalarla doludur və ya sonradan geri götürülüb. Prokurorluq, əsasən, spekulyasiyalara və başqası ilə əlaqəyə görə günahlandırmalara arxalanıb. Sübutlara çıxış kimi sadə hüquqlar belə təmin olunmayıb. Oxşar işlərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları var. Buna görə də, burada hökumətin məqsədi cinayəti ifşa etmək yox, məhkəmənin əli ilə araşdırmaçı jurnalistləri cəzalandırmaqdır.

- “Sərhədsiz Reportyorlar” Azərbaycanda həbsdə olan jurnalistlərə hansı dəstəyi göstərə bilir?

- Bu barədə bir neçə istiqamətdə işləyirik. Biz beynəlxalq kampaniyalar aparırıq. Sevinc Vaqifqızına da həsr olunan “Repressiyanın arxasındakı adlar və üzlər” kampaniyası var. Məqsəd Azərbaycan hakimiyyətinin əməlləri haqqında ictimaiyyəti məlumatlandırmaqdır. Eyni zamanda, ölkələri, xüsusilə Azərbaycanla iqtisadi əməkdaşlıq edənləri jurnalistlərin azadlığı tələbilə Azərbaycana təzyiq etmələrinə çağırırıq. Biz eyni zamanda mühacirətdəki müstəqil mətbuata dəstək oluruq və həbslərə məsul olan hər kəsə qarşı sanksiya və hesabatlılığa çağırırıq. Çünki bədəl ödənmədən, repressiyalar davam edəcək.