Qardabanidə İmam Rzanın (ə) mövluduna həsr olunmuş seminar keçirilib

Gürcüstanın Qardabani şəhərində yerləşən “Əl-Hikmə” Elmi-Mədəni Mərkəzində səkkizinci İmam Həzrət Rzanın (ə) mövludu münasibətilə “İmam Rzanın (ə) simasında sağlam və dəyərli həyat tərzi” mövzusunda seminar keçirilib.
Qardabani Mərağa məscidi və Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə rayonun din xadimləri, ziyalılar və ətraf kəndlərin inanclı sakinləri iştirak ediblər.
Seminar məscidin axundu Anar Bayramovun Quran tilavəti ilə başlayıb. Daha sonra Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev, Beynəlxalq Əl-Mustafa Universitetinin Gürcüstandakı nümayəndəsi Abbas Yusifnejad və İran İslam Respublikasının Gürcüstandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Mehdi Səadətnejad çıxış edərək mövlud münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. Həmçinin yerli ruhanilərdən Hacı Ramin İgidov, Hacı Niyazi Əmirxanov, Hacı Elçin Əliyev və rayon ağsaqqalı Hacı Mayak Nemətov mövzu ətrafında fikirlərini bölüşüblər.
Natiqlər öz çıxışlarında İmam Rzanın (ə) yüksək mənəviyyatı, onun İslam tarixindəki elmi-mədəni rolu və gənc nəslin tərbiyəsi ilə bağlı irəli sürdüyü prinsiplər barədə ətraflı məlumat veriblər. Vurğulanıb ki, gənclərin cəmiyyətdə düzgün mövqe tutması və mənəvi dəyərlərə sadiqliyi sağlam həyat tərzinin əsasını təşkil edir.
Tədbirin sonunda İslam aləminin rifahı üçün dualar edilib.