ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

ABŞ Senatı Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə müxtəlif ölkələrdə həbsdə olan jurnalistlərin azad edilməsinə çağıran qətnamə qəbul edib. 

Sənəddə “Sərhədsiz Reportyorlar” təşkilatının ən son indeksinə istinadla qeyd olunur ki, dünyada mətbuat azadlığının vəziyyəti son 25 ildə ən aşağı səviyyəyə düşüb və ilk dəfə olaraq dünya ölkələrinin yarıdan çoxunda bu sahədə tənəzzül yaşanır. 

Qətnamədə Azərbaycanda həbsdə olan jurnalistlərdən "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı və "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadənin adları çəkilib. 

Senat bütün dünyada mətbuat azadlığının boğulmasını və jurnalistlərin təhlükəsizliyinə qarşı yönələn addımları pisləyib, haqsız yerə həbs olunan jurnalistlərin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırış edib.

Senat, həmçinin, ABŞ prezidentini və dövlət katibini mətbuat azadlığının müdafiəsi, jurnalistlərə qarşı hücumların araşdırılması və bütün dünyada media azadlığının təşviqi istiqamətində fəaliyyəti gücləndirməyə çağırıb.

S.Vaqifqızı və F.Mehralızadə "Abzas Media işi" üzrə həbs olunublar. 

2025-ci ilin iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Azərbaycanda "Toplum TV" əməkdaşları da daxil olmaqla ümumilikdə 30-a yaxın jurnalist həbsdədir. Onların əksəriyyəti qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi maddələr üzrə ittiham olunurlar. 

Jurnalistlər bir qayda olaraq ittihamları rədd edir, peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.