Livanda İsrail ordusunun irəliləyiş cəhdinə qarşı döyüşlər gedir

“Əl-Məyadin” telekanalının Cənubi Livandakı müxbiri bildirib ki, Livan İslam Müqaviməti sionist rejim ordusunun Sur şəhərinin cənubundakı Buyut əs-Səyyad istiqamətində irəliləməyə çalışan qüvvələri ilə döyüşür.

Məlumata görə, müqavimət qüvvələri işğalçı rejim hərbçilərinin qəsəbəyə doğru sızma cəhdinə qarşı müxtəlif silahlardan istifadə edib.

Müxbirin sözlərinə görə, müqavimət qüvvələri sionist rejim ordusuna məxsus üç hərbi texnikanı hədəfə alıb. Hücum nəticəsində hərbi maşınlarda yanğın baş verdiyi bildirilib.

Eyni vaxtda sionist rejim ordusu Buyut əs-Səyyad və Mənsuri bölgələrinin ətrafını artilleriya atəşinə tutub. Mənsuri və Məcdəl Zun istiqamətlərində intensiv atəş açıldığı qeyd olunub.

Livan İslam Müqaviməti ötən gün yayımladığı 13 hərbi bəyanatda işğalçı rejim ordusunun sərhəd bölgələrindəki qüvvə və texnikalarına qarşı bir sıra əməliyyatlar həyata keçirdiyini açıqlamışdı.

Bəyanatlarda hücumların Livanı və onun əhalisini müdafiə etmək, həmçinin sionist rejimin atəşkəsi pozmasına cavab vermək məqsədi daşıdığı vurğulanıb.

Müqavimət qüvvələri Deyr Siryan bölgəsində Xəllət ər-Rac ərazisində yerləşən sionist rejim hərbçilərini kamikadze tipli pilotsuz uçuş aparatı ilə vurduğunu bildirib.

Bundan əlavə, Əlman–Qusayr üçbucağı yaxınlığında yerləşən sionist rejim hərbçilərinə qarşı iki pilotsuz uçuş aparatının istifadə edildiyi açıqlanıb.

Əl-Bəyyadə bölgəsində yaradıldığı bildirilən yeni işğalçı rejim komanda mərkəzinin isə artilleriya atəşi ilə hədəfə alındığı qeyd olunub.

Müqavimət qüvvələrinin açıqlamasında sionist rejimə məxsus “Dəmir Qübbə” hava müdafiə sisteminin Cəl əl-Əllam yaxınlığında pilotsuz uçuş aparatı ilə vurularaq məhv edildiyi bildirilib.

Həmçinin Bint Cübeyl bölgəsində “Merkava” tankının kamikadze pilotsuz uçuş aparatı ilə vurulduğu və birbaşa zərbə endirildiyi qeyd olunub.

Livan İslam Müqaviməti yaydığı bəyanatda işğalçı rejimin  hücumlarının davam etdiyi şəraitdə ölkənin və xalqın müdafiəsinin vacib olduğunu vurğulayıb.

Bəyanatda sionist rejimin fəaliyyətlərinin Livan üçün təhlükə yaratdığı bildirilib və bu hücumların qarşısının alınmasının “ən minimum vəzifə” olduğu qeyd edilib.