“ABŞ tarixində belə biabırçılıq olmayıb”

Sürixdə yaşayan azərbaycanlı jurnalist ABŞ-la İran arasında imzalanan memorandumun Donald Trampın uğuru kimi təqdim edilməsinin həqiqəti əks etdirmədiyini bildirib. Onun fikrincə, sənəd daha çox İranın maraqlarına xidmət edir və Vaşinqtonun əsas tələblərini təmin etmir.

Jurnalist Elbəy Həsənli sosial şəbəkə hesabında qeyd edib ki, Tramp əldə olunan razılaşmanı növbəti dəfə “qələbə” kimi təqdim etsə də, sənədin məzmunu fərqli mənzərə ortaya qoyur.

Onun sözlərinə görə, İran yeni öhdəlik götürməyib və yalnız uzun illərdir səsləndirdiyi “nüvə silahı əldə etməyəcəyik” mövqeyini təkrarlayıb.

Elbəy Həsənli xatırladıb ki, eyni müddəa hələ 2015-ci il nüvə sazişində də yer almışdı.

Jurnalist vurğulayıb ki, İranın əlində qalan 440 kiloqram 60 faizlik zənginləşdirilmiş uran əsas mübahisə mövzularından biridir. Lakin Vaşinqtonun bu materialın ölkədən çıxarılması tələbi sənəddə öz əksini tapmayıb.

Paylaşım müəllifinin qənaətincə, İran buna baxmayaraq neft ixracı imkanları, sanksiyaların yumşaldılması və iri maliyyə resurslarına çıxış kimi üstünlüklər əldə edib. Bu isə o deməkdir ki, İran heç nəyi tam vermədən çox şeyi geri aldı.

Jurnalist sonda bildirib ki, Tramp müharibə yolu ilə əldə edə bilmədiyini danışıqlar masasında da əldə edə bilməyib və bunu uğur kimi təqdim etməyə çalışır.

Həsənli bu vəziyyəti “illüziya” adlandıraraq ABŞ tarixində buna bənzər biabırçılığın olmadığını qeyd edib.