Həbsdə olan iqtisadçı Fazil Qasımov və araşdırmaçı jurnalist Hafiz Babalı Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşə və Avropa Parlamentinin prezidenti Roberta Metsolaya müraciət ünvanlayıblar.
"Toplum TV" ilə paylaşılan, ayrı-ayrılıqda edilən müraciətlərdə onlar Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı problemlərə diqqət çəkmək istədiklərini bildiriblər.
F.Qasımov və H.Babalı Quterreşə müraciətdə bu ay Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçiriləcəyini xatırladıblar. Onlar Azərbaycan hakimiyyətinin "insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməməsi nəticəsində yaranmış siyasi məhbus probleminin həlli üçün BMT rəhbərliyinin təşəbbüs göstərməsinə" çağırış ediblər.
"Azərbaycan hakimiyyətinin demokratiya tərəfdarlarına qarşı apardığı anti-humanist, repressiv, faşist siyasət zorbalığı və cəhaləti özündə ehtiva edir. Sivil dəyərlərə zidd olan bu siyasət nəticəsində Azərbaycanda vətəndaş cəmiyyəti zəifləmiş, demokratik institutlar sıradan çıxmış, müstəqil media qurumları fəaliyyətini dayandırmış, müxalif siyasi partiyalar bağlanmış və onların rəhbərləri həbs edilmiş, siyasi motivli zorakılıq faktları artmış, bir sözlə demokratiya tərəfdarları repressiya qurbanlarına çevrilmişdir. Əlavə olaraq, ombudsman institutu vəkillik institutu kimi, siyasi hakimiyyətin de-fakto tabeliyində fəaliyyət göstərən qeyri-müstəqil və səmərəsiz quruma çevrilmişdir. Daha təhlükəlisi isə siyasi təqiblərin Azərbaycan cəmiyyətində totalitar rejimlərə xas qorxu və itaət psixologiyasının formalaşmasına gətirib çıxarmasıdır. Belə bir şəraitdə Azərbaycanda WUF13 kimi mötəbər BMT tədbirinin keçirilməsi beynəlxalq ictimaiyyətin ölkəmizdə insan hüquqlarının vəziyyətini öyrənməsinə və siyasi məhbusların azadlığa buraxılması üçün səfərbər olmasına fürsət yarada bilər", - onlar qeyd ediblər.
Onlar Metsolaya ünvanladıqları məktubda isə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı Avropa Parlamenti tərəfindən son iki ildə qəbul edilmiş dörd qətnamənin icra mexanizmini nəzərdən keçirmək üçün Avropa Parlamentində dinləmələr keçirilməsinə çağırış ediblər.
Fazil Qasımov və Hafiz Babalı BMT baş katibi və Avropa Parlamentinin prezidentinə müraciət edib