"Dindara bənzəyirsən", "Üzündə tük çoxdur", "Köynəyinin qolu uzundur" ...
Siyasi məhbus, 15 saylı Cəzaçəkmə Müəsissəsində saxlanılan Elvin Nəzərov 3 gündür "karsa" (cəza kamerası) salınıb. Bu barədə onun həyat yoldaşı Şəbnəm Nəzərova məlumat verib.
Şəbnəm Nəzərova deyir ki, Elvini 5-ci dəfədir heç bir səbəb olmadan "karsa" salırlar:
"Təsəvvür edirsən, rejim rəisi mayor Xəlil Məmmədov Elvinə yayda nəyi irad tutmuşdu? Elvinə deyib ki, sən niyə uzunqol köynək geyinirsən, uzunqol köynək geyinəndə kənardan baxanda dindara oxşayırsan."
(Maraqlıdır. Görünür, Azərbaycanda nəinki dindar olmaq hətta dindara oxşamaq da təhlükəli imiş.)
Şəbnəm Nəzərova bildirdi ki, Elvin Nəzərov 19.04.2025 tarixində 15 saylı Cəzaçəkmə Müəsissəsinə köçürülüb. Müəssisə rəhbərliyinin ilk gündən Elvinə qarşı başlayan qərəzli münasibəti getdikcə daha da şiddətli şəkildə davam edir:
"Elvin 15 saylı Cəzaçəkmə Müəsissəsinə köçürülüdüyü ilk gundən heç bir səbəb olmadan onu karantin rejimindən sonra "karsa" saldılar. İlk gündən sanki bulinqə məruz qalan şagird kimi hər addımını güdməyə, irad tutmağa başladılar.
Elvinin üzündə azca tük var. Bunu irad bildirirlər. Rəis hansı məhbusla danışsa Elvinin adını hallandırır ki, Elvini "krıtiya" göndərəcəm.
Ona görə də bilirik ki, bunların hamısı quramadı, Elvini ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərmək üçün bəhanədir. Elvin də deyir ki, heç bir məhbusa öz inancını yaşamaq qadağası qoyulmayıb. Buna qanunlar icazə verir axı. Məni inancıma görə incdirlər, eybi yoxdur, lap öldürsələr də bu yolda əzab çəkmək, haqsızlığa məruz qalmaq özü də Allahın bir mükafatdır.
Dəfələrlə Ombudsman Aparatına Elvinə görə müraciət etmişəm amma bu iki ildə bir dəfə Ombudsman Aparatının bir nümayəndəsi gedib soruşmayıb ki, görək bu Azərbaycan vətəndaşını niyə görə incidirlər? Amma Ombudsman Səbinə Əliyeva Azərbaycanda həbsdə saxlanılan erməni qatillərinə 50 dəfə baş çəkib. Bununla da bildirmək istəyirlər ki, bu ölkədə hörmətə layiq olmaqdan ötrü erməni qatilləri kimi olmaq lazımdır.
Bu dəfə Elvini "karsa" 15 saylı Cəzaçəkmə Müəssisəsinin zapmaliti
polkovnik leytenant Asif İsmayılov saldırıb. Elvin səhər tezdən düzülüşdə olduğu halda yalandan deyib ki, guya yerindən durmayıb.
Hər dəfə Elvini ən pis şəraiti olan "karsa" salırlar. Su olmayan təkadamlıq cəza kamerasında bir inanclı məhbusun 10-15 gün qalmasının nə qədər dəhşətli olduğunu bilirsiniz? Elvin oruc tuturdu. Oruclu insana şər atmaq, zülm vermək ikiqat günahdır. Görünür, 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi Allaha deyil, şeytana inandıqlarını sübut etməyə daha çox can atırlar.
15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Ramiq Nəsibov, zapmaliti Asif İsmayılov, rejim rəisi Xəlil Məmmədov və komandanın digər üzvləri rütbəsini böyütmək üçün dəridən qabıqdan çıxırlar ki, daha çox şər atsınlar, dindarlara qarşı daha çox nifrət saçsınlar. Çünki ancaq bu halda rütbə və vəzifələrinin böyüdüləcəyini dəqiq bilirlər. Mən də həyat yoldaşımın hüquqlarını canım bahasına olsa da sonacan müdafiə edəcəm. Çünki zülm qarşısında susmaq dilsiz şeytanların işidir."
Qeyd edək ki, keçmiş Gəncə məhbusu Elvin Nəzərov ikinci siyasi məhbusluğunu yaşayır. O, 06.04 2024 tarixində ikinci dəfə şərlənərək həbs edilib. Elvin Nəzərovun ikinci həbsi Azərbaycanda şiə dindarların, kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi layihəsi çərçivəsində baş tutub.
Mingəçevir sakini Elvin Nəzərov
2024-cü ilin 6 aprel tarixində həbs edilib. 09.01.25 tarixində Şəki Ağır Cinayətlərdə Məhkəməsində hakim Rəfail Əliyevin sədrliyi ilə keçirilən prosesdə ona 5 il 4 ay həbs cəzası verilib.
P.S
İkinci şəkildəki David Babayandır. Şəkil Azərbaycan Hərbi Cinayətlər Məhkəməsinin zalında çəkilib. Öncə David Babayanın üzündəki saqqala fikir verin və onun bu halını diqqətdə saxlayın.
İndi gəlin sizə bu erməni qatil haqqında azca məlumat verim.
David Babayanı 17 yanvar 2023-cü ildə bizim hərbiçilər tutub. O, tutulana qədər qondarma Qarabağ respublikasının (Artsax) prezidentinin müşaviri vəzifəsində çalışmış radikal, millətçi, siyasətçidir O, əvvəllər qondarma Qarabağ respublikasının xarici işlər naziri vəzifəsində çalışıb . 28 dekabr 2013-cü ildən qondarma Qarabağ respublikasının Mərkəzi İnformasiya İdarəsinin rəisi və aparat rəisinin müavini vəzifəsində çalışıb.
26 may 2020-ci ildə Prezidentin xarici əlaqələr üzrə müşaviri təyin edilib. 4 yanvar 2021-ci ildə Babayan Masis Mayilyanın yerinə xarici əlaqələr naziri təyin edilib . O, Artsax Mühafizəkarlar Partiyasını təsis edib və hazırda ona rəhbərlik edir.
Və dövlətçiliyimizə qarşı, xalqımıza qarşı, bir sözlə, insanlığa qarşı düşmənçilik edən David Babayanın həbsindən öncəki, vəzifəli vaxtının şəkili ilə bir neçə gün əvvəl məhkəmə zalında çəkilən şəklini təqdim edirəm. Diqqətlə baxın. Üz- gözündə, ümumi görünüşündə heç bir dəyişiklik, sınmış -sönmüş ifadə yoxdur. Elə bil atasının evində oturub, böyük, xoşbəxt gələcəyi haqqında rahatlıqla planlar quran bəxtəvər cavan oğlandır. Amma həbsdən öncəki şəkli ilə müqayisədə bir dəyişiklik diqqətimi çəkdi: Saqqalı. Bəli, saqqalı uzanıb, bığları isə ənənəvi erməni zırramalığını təkrarlayır- ağzına dolub.
Aha, indi qayıdaq ölkəmizdə günahı olmadan şərlənib həbs edilən dindar məhbusların yanına. İnanclı siyasi məhbusların ən birinci problemlərindən biri də saqqal məsələsidir. Bilirsiniz ki, İslam dinində üzdə saqqal saxlamaq adəti var. Həbsdə isə saqqal deyil, sadəcə azca tük saxlayan inanclilar buna görə zorakılığa məruz qalır və cəza kamerasına salınır. Azərbaycan qanunvericiliyində və Pentensiar Xidmətin daxili nizamnaməsində saqqalla bağlı heç bir qadağa yoxdur.
Həyat yoldaşım, keçmiş siyasi məhbus Bəxtiyar Babaşov 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılanda, "karsa" salınarkən 5-6 nəfər pentensiar əməkdaşı (Cavid Güləliyev, rejim rəisi Vahid, "karsın" rəisi) üstünə cumub ki, üzünü qırx. Sonra müəssisə rəisi Elnur İsmayılovun qəbuluna aparıblar . Elnur İsmayılov demişdir ki, əgər üzünü qırxmasan, sənin əllərini, ayaqlarını bağlatdırıb, döyə -döyə üzünü qırxdıracam.
İndi Elnur İsmayılova və saqqaldan qorxan diğər müəssisə rəhbərlərinə sual verirəm, siz erməni qatili, Azərbaycanda həbsdə olan David Babayanın üzündəki saqqalını da qırxdıra bilərsiniz?
P.S
İnanclı siyasi məhbuslar, Şeyx Sərdar Babayev, Mənsur Vəlişov, Cahangir Seyidzadə, Süleyman Ələkbərov və digərləri "ağır təhlükəli" məhbus zənn edildiyi üçün ciddi rejimdə saxlanılır.
Görünür, onlar minlərlə azərbaycanlının qatili olan erməni məhbuslardan daha qorxuludur. Yoxsa, bir gündə 200 azərbaycanlını qətlə yetirən, Xocalı soyqırımının qatillərindən olan Vaqif Xaçaturyanı ad günündə ailəsinə qovuşduran tolerant hökumətimiz inanclı insanlara niyə belə zülm etsin ki?
Bütün dünyada soyqırım qatillərinə ən ağır cəza verildiyi halda...
Siyasi məhbus bir ildə 5-ci dəfə "karsa" salındı