Suriyanın Tartus limanından bazar ertəsi 600 min barrel ağır xam neft ixrac edilib. Bu barədə “Reuters”ə Suriya Energetika Nazirliyinin rəsmisi məlumat verib. Bu, son 14 ildə Suriyadan həyata keçirilən ilk rəsmi neft ixracı kimi qeyd olunur.
2010-cu ildə, vətəndaş müharibəsi başlamazdan əvvəl, Suriya gündəlik 380 min barrel neft hasil edib. Lakin 2011-ci ildən etibarən Bəşər Əsəd rejiminə qarşı başlayan etirazlar ölkəni 14 ilə yaxın davam edən müharibəyə sürükləyib. Müharibə həm iqtisadiyyatı, həm də neft hasilat infrastrukturunu dağıdıb.
Ötən ilin dekabrında Əsəd devrildikdən sonra hakimiyyətə gələn islamçı hökumət ölkə iqtisadiyyatını dirçəltməyi vəd edib.
Energetika nazirliyinin neft və qaz üzrə direktor müavini Riyad əl-Cubasi bildirib ki, ixrac olunan ağır xam neft “B Serve Energy” şirkətinə satılıb. Bu şirkətin isə qlobal treyder “BB Energy” ilə əlaqəli olduğu bildirilir. Lakin “BB Energy” məsələ ilə bağlı şərh verməyib.
Nazirliyin açıqlamasına görə, neft “Nissos Christiana” tankerinə yüklənərək ixrac edilib. Cubasi neftin Suriyanın bir neçə yatağından çıxarıldığını desə də, konkret ad çəkməyib.
Müharibə illərində neft yataqları dəfələrlə nəzarət uğrunda əldən-ələ keçib, ABŞ və Avropa sanksiyaları isə həm ixracatı, həm də idxalı çətinləşdirib. Əsədin devrilməsindən sonra da sanksiyalar bir neçə ay qüvvədə qalıb və bu, yeni hökumətin enerji idxalını çətinləşdirib.
Lakin iyunda ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyaların ləğvi barədə sərəncam imzalayıb. Bunun ardınca ABŞ şirkətləri Suriyanın neft və qaz ehtiyatlarının kəşfiyyatı və hasilatı üzrə ümumi plan hazırlamağa başlayıblar.
Bundan başqa, Suriya “DP World” şirkəti ilə 800 milyon dollarlıq müqavilə imzalayıb. Sazişə əsasən, şirkət Tartus limanında çoxfunksiyalı terminalın tikintisi, idarə olunması və istismarı ilə məşğul olacaq. Bu razılaşma Suriyanın, limanı əvvəlki illərdə idarə edən Rusiya şirkəti ilə müqaviləni ləğv etməsindən sonra əldə olunub.
14 ildən sonra Suriya ilk rəsmi neft ixracını həyata keçirib