Sidneydə yəhudiləri hədəf alan hücumda 10-dan çox ölən var

Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində yəhudiləri hədəf alan hücumda ən az 12 nəfər öldürülüb. 

Yerli polisin məlumatına görə, dekabrın 14-də silahlı şəxslər çimərlikdə yəhudi bayramı Hanukkanı qeyd edən tədbirin iştirakçılarına atəş açıblar. 

Mindən çox şəxsin iştirak etdiyi tədbirdə 12 nəfərin yerindəcə öldüyü, 29 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir. Silahlılardan biri polis tərəfindən öldürülüb, digərinin vəziyyəti ağırdır. 

Polis, həmçinin, hadisə yerində partlayıcılarla dolu avtomobilin aşkarlandığını və onları zərərsizləşdirmək üçün xüsusi mütəxəssis qrupunun səfərbər olunduğunu bildirir. 

Avstraliyanın baş naziri Entoni Albaniz hücumu “ölkəmizin ürəyini hədəf alan şər, antisemitist terrorizm aktı” kimi təsvir edib.