Gürcüstanda Xanım Fatimeyi-Zəhranın (s.ə) mövlud tədbiri

Qardabaninin Təhlə kəndində Xanım Fatimeyi Zəhranın (s.ə) mövludu qeyd olunub.

Tədbir Bütün Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilib.

İslam aləmi üçün böyük əhəmiyyət daşıyan Xanım Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibətilə keçirilən məclis Qurani-Kərimin tilavəti ilə başlayıb. Quran tilavətini Lalə Süleymanova səsləndirib. Mərasimin aparıcısı Hüseynova Zəhra olub.

Mövlud mərasimində çıxış edən Minarə Nəbiyeva “Qurani-Kərimin nəzərində kimləri özümüzə nümunə seçməliyik?” mövzusunda geniş və maarifləndirici söhbət aparıb. Daha sonra Kamilə Binnətova İslamda qadının dəyəri mövzusuna toxunaraq, Xanım Fatimeyi-Zəhranın (s.ə) müsəlman qadınlar üçün ən kamil örnək olduğunu vurğulayıb.

Leyla İlqarova ailədə səbrin əhəmiyyəti barədə danışaraq, sağlam ailə münasibətlərinin formalaşmasında səbr və anlayışın mühüm rol oynadığını qeyd edib. Tədbir zamanı Gülşən Nemətova və Gülsəfa Məmmədova da çıxış edərək iştirakçıları mövlud münasibətilə təbrik ediblər.

Mərasimin sonunda interaktiv sual-cavab bölməsi keçirilib. Xüsusilə Fatimə və Zəhra adını daşıyan xanımlara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, mövlud mərasimi yüksək mənəvi ab-hava şəraitində keçib və iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.