Özgür Özel və 91 deputat CHP-dən istefa verərək yeni siyasi partiyanın təsisçiləri sırasına qoşulub

Türkiyədə Özgür Özel də daxil olmaqla 91 deputat Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verərək yeni siyasi partiyanın təsisçiləri sırasına qoşulub.

“TRT Haber”in məlumatına görə, Özel “Yeni Partiya”nın təsis sənədlərini imzaladıqdan sonra CHP-dən ayrıldığını açıqlayıb. Onun mətbuat qrupu yeni partiyanın yaradılması ilə bağlı hüquqi prosedurların davam etdiyini bildirib.

Sənədləri imzaladığı anın görüntülərini də paylaşan Özel “Vətənimiz, millətimiz, partiyamız və hamımız üçün xeyirli olsun”, - deyib.

Yeni partiyanın təsis sənədlərinin gün ərzində Türkiyənin Daxili İşlər Nazirliyinə təqdim olunacağı gözlənilir.

Özel bundan əvvəl Türkiyə Böyük Millət Məclisində keçirilən CHP qrup toplantısında yeni partiya yaratmağa hazırlaşdıqlarını bildirmişdi:

“Bu tribunaya vaxtı çatmış bir vidanın hüznü ilə çıxmışam. Deputatlarımızla bir araya gəlirik. Millətin seçdiyi deputatlarla ilk addımı ataraq yeni partiyamızı yaradırıq”.

Türkiyə Böyük Millət Məclisinin son məlumatına əsasən, istefalardan əvvəl CHP parlamentdə 135 mandatla təmsil olunurdu. Özgür Özel də daxil olmaqla 91 deputatın ayrılmasından sonra partiyanın mandatlarının sayı 44-ə düşəcək.

Yeni partiyanın yaradılması rəsmiləşdikdən sonra Özgür Özelin rəhbərlik etdiyi siyasi qüvvə 91 deputatla parlamentin ən böyük müxalifət partiyasına çevriləcək. CHP isə əsas müxalifət partiyası statusunu itirəcək.