HƏMAS-ın yeni lideri seçilib

HƏMAS hərəkatı Xəlil əl-Həyyanın təşkilatın yeni ümumi lideri seçildiyini rəsmən açıqlayıb.

Bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, bu təyinat İsrailin HƏMAS-ın yüksək səviyyəli liderləri İsmayıl Haniyə və Yəhya Sinvarı öldürəndən sonra boşalan rəhbər vəzifələrin doldurulması məqsədilə başladılan keçid prosesini tamamlayır.

"Reuters" agentliyinin məlumatına görə, siyasi büro rəhbərinin müəyyənləşdirilməsi üçün keçirilən daxili səsvermədə HƏMAS-ın keçmiş siyasi lideri Xalid Maşal ilə keçmiş sədr müavini Xəlil əl-Həyya arasında gərgin mübarizə gedib.

Seçkinin qalibi olan əl-Həyya 2024-cü ilin oktyabrında Qəzzada öldürülən Yəhya Sinvardan sonra təşkilata rəhbərlik edən müvəqqəti şuranı əvəz edəcək. O, 2027-ci ildə keçirilməsi planlaşdırılan növbəti seçkilərədək vəzifəsini icra edəcək.

HƏMAS-ın daxili nizamnaməsinə əsasən, lider seçilmək üçün namizəd hərəkatın məşvərət orqanı olan Şurada səslərin 50 faizindən çoxunu qazanmalıdır. İlk turda heç bir namizəd bu həddi keçə bilmədiyindən yekun qərar ikinci tur səsverməsində verilib.

Məlumata görə, 2021-ci ildə qəbul edilmiş çərçivə razılaşmasına əsasən, HƏMAS-ın iki ən yüksək rəhbər vəzifəsindən ən azı biri Qəzza bölgəsini təmsil edən şəxsə məxsus olmalıdır.