Prokuror Əli Kərimlinin mühafizəçisinə 10 il həbs cəzası istəyib

İyulun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Kənan Zeynalovun (Basqal) işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Azadlıq Radiosu"nun xəbərinə görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Kənan Zeynalovun 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror iddia edib ki, AXCP fəalına verilən, Anar Rəhimov adlı şəxsə bıçaqla xəsarət yetirməsi barədə ittiham məhkəmədə təsdiqini tapıb.

K.Basqalın vəkili Nazim Musayev isə məhkəmə istintaqının yekunlaşmasına etiraz edib. O bildirib ki, proses boyu müdafiə tərəfinin qaldırdığı vəsatətlərin heç biri təmin olunmayıb.

İyulun 23-də keçirilən məhkəmə iclasında da vəkil bir sıra vəsatətlər qaldırıb. Müdafiəçi K.Basqalı saxlayan üç polis əməkdaşının və cinayət işi üzrə hal şahidi qismində tanınan şəxslərin məhkəmədə dindirilməsini istəyib. Lakin vəsatət təmin olunmayıb.

Müdafiə tərəfi bildirib ki, ekspert rəyində bıçaqlandığı iddia olunan A.Rəhimovun köynəyinin üzərində üç yanaşı deşik olduğu göstərilib:

"Bu rəyi oxuyanda adama elə gəlir ki, onu səliqəli şəkildə bıçaqlayıblar. Köynək də maddi sübutdur və müdafiə tərəfi olaraq ona baxmaq hüququmuz var. Xahiş edirik, gətirin, ona baxış keçirək, görək, yazılanlar nə dərəcədə həqiqətdir”.

Hakimlər kollegiyası bu vəsatəti də təmin etməyib. Prosesə sədrlik edən hakim Mahirə Kərimova iddia edib ki, iş üzrə kifayət qədər araşdırma aparılıb.

"Ekspertiza rəyində yazıblar ki, hadisə yerindən bıçaq götürülüb. Konkret haradan? Daşın üstündən? Otun üstündən? Belə rəy olar? O rəyi yazan ekspert dindirilməlidir", - deyə vəkil qeyd edib.

Kənan Zeynalov da üzərində bıçaq olmadığını və heç kimə xəsarət yetirmədiyini bildirib. Onun sözlərinə görə, axşam saatlarında məscidə gedərkən tanımadığı bir nəfər ona hücum edib. Qısa mübahisədən sonra həmin şəxs yerə yıxılıb qışqırmağa başlayıb və dərhal polis gəlib.

Vəkil Nazim Musayev zərərçəkmiş A.Rəhimovun məhkəməyə gəlməməsinə də yenidən etiraz edib. O bildirib ki, hər prosesdə etiraz etmələrinə baxmayaraq, məhkəmə bunu nəzərə almır və vəsatətlər təmin olunmadığı halda məhkəmə istintaqının yekunlaşdırılması mümkün deyil.

Növbəti prosesdə AXCP üzvünə hökm oxunacağı gözlənilir.

Kənan Zeynalov ötən il martın 22-də həbs olunub. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilir.
Əli Kərimlinin digər ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədov da uzunmüddətli həbsdədir. O, 2021-ci ildə terrorizm ittihamı ilə 13 il azadlıqdan məhrum edilib.

AXCP-nin 20-yə yaxın üzvü uzunmüddətli həbsdədir. Onlar ittihamları rədd edir və siyasi fəaliyyətlərinə görə həbs olunduqlarını bildirirlər.