Umbakı İstintaq Təcridxanasından Mirvasid Əliyev də inanclı xanımların həbsini tənqid edən bəyanat yayıb

"Biz, imanımıza, milli-mənəvi dəyərlərimizə və tarixi kimliyimizə sahib çıxan insanlar olaraq, hicablı xanımların ehsan verdiklərinə görə həbs olunmasına, onların hicablarına əl qaldırılmasına qəti şəkildə etiraz edirik.

İmam Əli (ə) dövründə bir yəhudi qadının qulağından sırğasının qoparılıb aparılmasına müsəlmanların səssiz qalmasına qarşı İmam buyurmuşdu: “Əgər bu hadisəyə görə bir müsəlman qan ağlasa, yeri var.”

Bugün də gözlərimizin önündə hicaba qarşı hörmətsizlik baş verir. Bu, sadəcə bir geyim məsələsi deyil, hicab milli, mənəvi və tarixi kimliyimizin rəmzidir.

Bizim şəhidlərimiz bu dəyərlərə bağlılıqla canlarını fəda ediblər. Onların anaları, ailələri hicablı olub və dini-mənəvi dəyərlərə bağlı yaşayıblar. Hicaba və hicablıya hörmətsizlik, Allahın qanununa qarşı hörmətsizlik olmaqla yanaşı, şəhidlərimizin müqəddəs ruhuna, Seyyid Mübariz İbrahimovun, Maarif Səfərovun, Elməddin Vəlişovun və digər bütün şəhidlərimizin ailələrinə qarşı da ağır təhqirdir.

Allah rəhmət eləsin mərhum Vüqar Biləcəriyə ki, demişdi:

“Anamız Həzrəti Zəhradan əmanətdir hicab,

İki dünyada hicab əhlinə zinətdir hicab.

Hicab hər möminənin ismətidir, iffətidir,

Adıdır, mənliyidir, namusudur, qeyrətidir.

Anamız Həzrəti Zəhradan əmanətdir hicab.”

Biz bir daha bəyan edirik ki, hicaba qarşı hər cür hörmətsizlik milli kimliyimizə, mənəviyyatımıza və şəhidlərin müqəddəs yoluna xəyanətdir.”