Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib

Avqustun 27-də Şəki Apellyasiya Məhkəməsində hakim Əyyub Kərimovun sədrliyilə həbsdə olan siyasi şərhçi Azər Qasımlının məhkəmə prosesi keçirilib. 

A.Qasımlının həyat yoldaşı Samirə Qasımlı “Facebook” səhifəsində bildirib ki, proses cəmi 3 dəqiqə, tərəflərin iştirakı olmadan keçirilib. S.Qasımlı prosesə gecikib, qarşı tərəf isə, ümumiyyətlə, gəlməyib. 

“Saat 11.00-ə təyin olunan “məhkəmə” prosesi saat 11.02-də başlayıb 11.05-də bitdi. Özü də tərəflərin iştirakı olmadan. Qışdan bəri Azər Qasımlının mülki iş üzrə Şəkidə gedən “məhkəmə” proseslərində iştirakına imkan verilmədiyi üçün onun hüquqi təmsilçisi kimi mən iştirak edirəm. Dünənki prosesə 5 dəqiqə gecikdik və biz zala 11.05-də daxil olarkən boş otaqda yalnız “hakim”in köməkçisi vardı və bizə dedi ki, proses elə indi bu dəqiqə bitdi. Adama sual verdim ki, “bəs proses saat neçədə başladı”, cavab olaraq dedi ki, saat 11.02-də. Xahiş etdim ki, uzaq yol gəlmişik, 5 dəqiqə gecikmişik, “hakim”ə deyin anlayış göstərsin, cavab bu oldu ki, hakim artıq başqa bir prosesdədir”, - o qeyd edib. 

““Hakim”lə danışmaq üçün yandakı zala daxil olduq. Bizimlə eyni vaxtda “hakim” heyəti müşavirə otağından zala daxil oldu. Bu vaxt saat 11.15-i göstərirdi. Aradakı 10 dəqiqəni biz katiblə danışaraq vəziyyəti “hakim”ə başa salmasına sərf etmişdik. Saat 11.15-də Əyyub Kərimovun daxil olduğu “hakim” heyəti artıq başqa bir prosesə baxıb qərar çıxarmağı 10 dəqiqəyə sığdıra bilmişdi”, - S.Qasımlı əlavə edib. 

S.Qasımlı Toplum TV-yə deyib ki, qərarla hələ tanış olmayıb, lakin həyat yoldaşının lehinə qərar verilməsinə inanmır. 

“Qərara gəlincə, bu prosesdə mənə böyük dəstək olan və hüquqi yardım edən dostumuz Xalid Bağırov “məhkəmə”nin həyətində çox önəmli bir söz dedi: “İşin tragikomik tərəfi budur ki, nə biz soruşduq qərar nədir, nə də “hakim” dedi, çünki biz əvvəlcədən qərarın nə olacağını bilirdik””, - o, paylaşımında yazıb. 

S.Qasımlı Toplum TV-yə işin Qurbanəli Yusifov adlı şəxsin A.Qasımlıya olan borcu ilə bağlı olduğunu deyib. 

"2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında A.Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki "bitcoin" almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, "bitcoin"lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən A.Qasımlının hesabındakı bir "bitcoin" də yoxa çıxdı", - o qeyd edib. 

S.Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Yusifov və həyat yoldaşı razılığa gəlib ki, aylıq olmaqla hissə-hissə onun borcu qaytarılsın və Yusifov qəbz də imzalayıb. 

Lakin, sonradan Yusifov ölkəni tərk edib və Qasımlı ilə əlaqələrini kəsib. Bunu görən siyasətçi məhkəməyə üz tutub və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi Qasımlının xeyrinə qərar verib. 

"Bundan sonra Yusifov daxili işlər naziri Vilayət Eyvazovun ünvanına bir məktub yazıb ki, guya A.Qasımlı dövlət əleyhinə siyasətçidir, Yusifovu da dövlət əleyhinə işlər görməyə cəlb etmək istəyir, o razılaşmayanda isə onu təhdid edib. Bu məktubdan sonra DİN iddianın araşdırılmasını Mingəçevir Şəhər Polis İdarəsinə tapşırıb, lakin onlar da sübutların olmadığını görüb işə xitam veriblər", - S.Qasımlı bildirib. 

Onun dediyinə görə, 2024-cü ilin dekabrında Qasımlını həbs etmək tapşırığı alan hüquq-mühafizə orqanları bu işi yenidən açıblar.

Azər Qasımlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə maddəsilə şübhəli şəxs qismində saxlanılıb.

Qasımlı həbsinin ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.