Sıravi insanlar İsrailin Qəzza blokadasını yarmağa çalışacaq

İsrailin hərtərəfli blokada altında saxladığı Qəzza sektorundakı dəhşətli hadisələrə biganə qala bilməyən sıravi insanlar bu blokadanı yarmaq üçün hərəkətə keçiblər.

Dünyanın onlarla fərqli ölkəsindən olan 300-dən çox fəal 20 gəmi ilə İspaniyanın Barselona şəhərinin limanından hərəkətə başlayıb.

Qlobal Müqavimət Donanmasının gəmiləri 4 sentyabr tarixində Tunisə çatacaq və oradan da Qəzza sektoru istiqamətində üzməyə başlayacaq.

Aktivistlərin arasında məşhur simalar, aktyorlar, Barselonanın keçmiş meri, həmçinin avropalı deputatlar da var.

Donanmanın məqsədi İsrailin mühasirəsi altındakı Qəzzaya humanitar dəhliz təşkil etməkdir.

Donanma rəsmisi bildirib ki, İsrail Qəzzada 63 mindən çox günahsız insanı qətlə yetirib, bölgə məqsədyönlü şəkiləd su, elektrik və ərzaqdan məhrum edilib, xəstəxanalar və məktəblər bilərəkdən bombalanır, insanlar aclıqdan həyatını itirir, donanmanın məqsədi humanitar dəhliz açmaqdır.

Yol boyu əlavə gəmilərin də bu hərəkata qoşulacağı gözlənilir. Gəmilər yüzlərlə tonluq humanitar yardımı Qəzza xalqına çatdımağa çalışacaq.

Gəmilərinin 14-15 sentyabr tarixlərində Qəzza sahillərinə çata biləcəyini gözlənilir.

Xatırladaq ki, daha öncə 3 fərqli mülki donanma ilə mühasirəni yarmaq cəhdi olsa da, İsrail tərəfindən bunun qarşısı alınıb. İsrail ordusu gəmilərin heyətini tutmuş, onların daşıdığı humanitar yardımları isə müsadirə etmişdi.

Hazırkı donanmanın təşkilatçıları İsrailin yenidən müdaxilə etməsi riskini nəzərə alıblar: “Nə olacağını bilmirik, amma (hər nə olsa da, yenidən) mütləq təkrar təşkil edəcəyimizə əminik”.

Əlavə edilib ki, aktivistlər bu hərəkatları ilə dünyanın diqqətini Qəzzaya çəkməyə, orada İsrailin törətdiyi humanitar fəlakətin miqyasını dünyaya çatdırmağa çalışırlar.