İslam ölkələri dərs alacaqlarmı? İspaniyadan təşəbbüs...

“Nyu-Yorkda keçirilən konfrans Fələstin dövlətinin tanınmasına doğru irəliləmək üçün böyük bir an olmalıdır”.

İspaniyanın xarici işlər naziri Avropa və Ərəb ölkələrinin Madriddə keçirilən toplantısında İsrailin ölüm və aclığın gündən-günə artdığı Qəzzaya hücumlarına son qoymağa çağırıb və deyib: Beynəlxalq ictimaiyyət İsrailin Qəzzada müharibəsini dayandırmaq üçün sanksiyalar tətbiq etməyi düşünməlidir.

Dünən keçirilən yüksək səviyyəli danışıqlar “Madrid Qrupu” kimi tanınan qrupun beşinci rəsmi görüşü olub.

İsrailin uzun müddətdir yaxın müttəfiqləri kimi arxalandığı Avropa Birliyi ölkələri İsrailin blokada və bombardman edilən Qəzza zolağında hərbi əməliyyatlarının genişlənməsindən sonra artan qlobal təzyiqə öz səslərini əlavə etməyə başlayıblar.

 

İsrailin blokadası humanitar yardımın qarşısını alır

Təxminən üç aylıq blokada 2023-cü ildən bəri İsrailin hücumları ilə viran qalan Qəzzada qida, su, yanacaq və dərman çatışmazlığını daha da pisləşdirib.

İsrailin baş naziri Benyamin Netanyahu bir həftə əvvəl İsrailin müttəfiqlərinin narahatlığını azaltmaq üçün məhdud yardıma icazə verəcəyini söylədikdən sonra Qəzzaya demək olar ki, heç bir yardım çatmayıb.

Birləşmiş Millətlər Təşkilatı indiyə qədər icazə verilən yardımın miqdarının "okeanda bir damla" olduğunu söyləyib, bəzi yardım qrupları isə Netanyahunun bəyanatını "tüstü pərdəsi" olaraq xarakterizə edib.

Yardım agentlikləri vurğulayırlar ki, İsrailin son günlər icazə verdiyi yardımın miqdarı gündə 500-600 yük maşını ehtiyacından xeyli aşağıdır. Rəsmilər İsrailin çərşənbə günündən etibarən Qəzzaya yardım daşıyan 100-ə yaxın yük maşınına icazə verdiyini bildirib.

 

“Artıq məqsədi olmayan bu müharibəni dayandırmaq istəyirik”

İspaniyanın xarici işlər naziri Jose Manuel Albares görüşdən əvvəl ölkəsinin paytaxtı Madridin dünən “məqsədi olmayan bu müharibəni dayandırmaq” məqsədi ilə 20 ölkə və beynəlxalq təşkilata ev sahibliyi edəcəyini bildirib.

"Bu dəhşətli anda, Qəzzada bu humanitar fəlakətdə məqsədimiz bu müharibəni dayandırmaq və maneəsiz getməli olan humanitar yardımın blokadasını qırmaqdır" Albares görüşdən əvvəl Əl-Cəzirə kanalına deyib.

Fələstin muxtariyyətinin baş naziri Məhəmməd Mustafa da İsrail hökumətinin Qəzzada "aclıq" və "soyqırımı" dayandıracağına ümid etdiyini bildirib və əlavə edib ki, dünyanın bir çox ölkəsi İsrailin hərəkətlərini "açıq şəkildə bəyənmir".

Misirin xarici işlər naziri Bədr Əbdül-Atti müharibəni bitirmək üçün “İsrail tərəfində siyasi iradə çatışmazlığının” olduğunu vurğulayıb.

"Əsl problem budur. Amma biz cəhd etməyə davam edəcəyik, maksimum təzyiq göstərəcəyik, atəşkəsi təmin etmək üçün maksimum səy göstərməyə davam edəcəyik", - Abdulatti bildirib.

 

“Biz sanksiyaları nəzərdən keçirməliyik”

Madrid görüşü, Fransa və Səudiyyə Ərəbistanının iyunun 17-də Nyu-Yorkda keçiriləcək iki dövlət həlli üzrə yüksək səviyyəli BMT konfransına hazırlıq rolunu oynayıb.

Albares deyib ki, onlar BMT konfransı öncəsi "hər kəsin" Fələstini müstəqil dövlət kimi tanıması üçün "təcil yaratmaq istəyirlər".

"Nyu-Yorkdakı konfrans Fələstin dövlətinin tanınmasına doğru irəliləmək üçün əla an olmalıdır", - İspaniyalı nazir əlavə edib.

Ötən il Madriddə keçirilən əvvəlki toplantıda Misir, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə kimi ölkələrlə yanaşı, Fələstin dövlətini tanıyan Norveç və İrlandiya Respublikası kimi Avropa ölkələri də iştirak edib.

Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı nümayəndələrinin də iştirak etdiyi dünənki toplantıda İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında həllinə dəstək elan edilib.

Albares, Aİ-nin bu həftə İsraillə əməkdaşlıq müqaviləsini nəzərdən keçirmək qərarına gəldikdən sonra, "Biz sanksiyaları nəzərdən keçirməliyik, bu müharibəni dayandırmaq üçün hər şeyi etməliyik, hər şeyi düşünməliyik" deyib.

Almaniya xarici işlər nazirinin müavini Florian Hahn da dünən Qəzzanın pisləşən, "dözülməz" humanitar böhranının təsiri barədə xəbərdarlıq edib və dərhal atəşkəs və diplomatik həllə çağırıb.

Hahn vurğulayıb ki, Qəzzada müharibənin dayandırılması və siyasi həll yolunda diplomatik səylər üçün yol açılması hazırda Almaniyanın xarici siyasətinin əsas prioritetlərindən biridir.