"Human Rights Watch": Azərbaycanda insan haqlarıyla bağlı narahatlıqlar davam edir

"Human Rights Watch"  - beynəlxalq insan hüquqları təşkilatı 2024-cü ilə dair hesabatını açıqlayıb. 

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, hesabatın Azərbaycanla bağlı hissəsində 2023-cü ildə ölkədə insan haqları ilə bağlı uzunmüddətli narahatlıqların davam etdiyi bildirilib. 

Hesabat müəllifləri qeyd edirlər ki, hökumət ifadə, toplaşma və təşkilatlanma azadlıqlarını ciddi şəkildə məhdudlaşdırıb. İşgəncə ilə bağlı bəzi irəliləyişlərin olduğu bildirilsə də, polisdə və saxlanma yerlərində pis rəftar və işgəncə hallarının davam etdiyi bildirilib. 

Həmçinin hökumətin qeyri-qanuni məhkəmə proseslərindən sonra çoxsaylı tənqidçiləri 30 günlük həbs müddətinə məhkum etdiyi bildirilib. Bu əsnada iki vətəndaş fəalı Bəxtiyar Hacıyev və Qubad İbadoğlunun həbsi xüsusi vurğulanıb. 

Sənəddə eləcə də noyabr ayında "Abzas Media" saytının aparcı jurnalistləri Ülvi Həsənli və Sevinc Vaqifqızı, habelə bu nəşrlə bağlı olan Məhəmməd Kekalovun həbs edildiyinə diqqət çəkilib.

Təşkilatın hesabatında ümumən dünyada 2023-cü ildə insan hüquqları sahəsində vəziyyətin pisləşdiyi bildirilib. Qlobal liderlərin böhranların insan hüquqlarının müdafiəsi üçün güclü mövqe nümayiş etdirə bilmədikləri vurğulanıb.