Əkrəm İmamoğlu ramallahlı həmkarı ilə Qəzzaya yardımı müzakirə edib

Türkiyənin İstanbul şəhərinin meri Əkrəm İmamoğlu Sarıyer rayonundakı Bəyaz Köşkdə Fələstin Dövlətinin inzibati mərkəzi olan Ramallah şəhərinin meri İssa Kassisi qəbul edib.

Bu barədə “Anka” məlumat yayıb.

Bildirilib ki, İsrailin hərbi əməliyyatları fonunda “Fələstin xalqının haqlı mübarizəsinin yanında olduqlarını” vurğulayan İmamoğlu “İstanbulda da eyni həssaslıqla” yanaşdıqlarını qeyd edib:

“Biz burada yaşayan fələstinli tələbələrə töhfə verdik və onların ehtiyacları ilə maraqlanırıq. Yardım yük maşınlarımızı Qəzzaya göndərdik. Fələstin xalqına ehtiyacı olan hər şeydə kömək etməyə hazır olacağıq”.

Eyni zamanda, İstanbul meri bələdiyyəsinin Ramallahdakı Osmanlı məhkəməsinin yenidənqurmasına töhfə verəcəyini bəyan edib:

“O layihədə olmaq istəyirik və prosesi mütləq dəstəkləyəcəyik. Ümid edirəm, çox gözəl bir əsəri şəhərinizə qazandıracağıq”.

Qeyd edək ki, Ramallahdakı Osmanlı məhkəməsi ikimərtəbəli tarixi binadır. Hazırda mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir.

 

Report.az