Dini dəyərlər niyə hədəfə çevrilir? – Sosial şəbəkələrdə təhlükəli qarşıdurma 4-cü, sonuncu hissə

İslamı hədəfə almaq da, İslam adına zorakılıq etmək də İslama xidmət etmir

Burada xüsusilə müsəlman cəmiyyətinin üzərinə düşən məsuliyyət böyükdür. Çünki İslamı müdafiə etdiyini söyləyən insan öz davranışı ilə İslam haqqında təsəvvür yaradır. Bir müsəlman təhqirə təhqirlə, aqressiyaya aqressiya ilə, fikrə yumruqla cavab verirsə, qarşı tərəfə dini dəyərlərin müdafiəsini deyil, məhz zorakılığı göstərmiş olur.

Eyni zamanda, müsəlmanların müqəddəs hesab etdiyi dəyərləri bilərəkdən məsxərəyə qoyan və milyonlarla insanın inancını kollektiv şəkildə alçaldan şəxsin davranışını “söz azadlığı” adı altında toxunulmaz elan etmək də düzgün deyil. Dini inancın ictimai həyatda hörmətə layiq olması fanatizm deyil.

Müsəlmanların dini hisslərinin qorunmasını tələb etmək də avtomatik olaraq dünyəvilik əleyhinə çıxış deyil. Əksinə, dünyəvi hüquqi dövlətin əsas sınağı məhz fərqli düşünən insanların bir-birinin hüquqlarını qorumasıdır. Bizim seçimimiz nədir? Əslində, qarşıda çox sadə seçim dayanır. Ya cəmiyyət olaraq razılaşacağıq ki, fikir ayrılıqları hüquqi və sivil yollarla həll olunur. Ya da hər kəs özünün “haqlı” olduğuna inanaraq, qarşı tərəfə hökm verməyə başlayacaq.

Birinci yol çətindir. Səbr tələb edir. Hüquqa etibar tələb edir. Öz emosiyalarını idarə etməyi tələb edir. İkinci yol isə çox asandır. Bir yumruq. Bir təhqir. Bir video. Bir paylaşım. Sonra minlərlə paylaşım. Sonra iki düşərgə. Sonra düşmən obrazı.

Bir müddət isə sonra insanlar artıq qarşılarındakı insanı yox, onun təmsil etdiyini düşündükləri qrupu görməyə başlayırlar. Tarix göstərib ki, ictimai qarşıdurmalar məhz belə başlayır. Ona görə də bu hadisəyə münasibətdə ən düzgün mövqe nə ateist tərəfin kor-koranə müdafiəsi, nə də dindar tərəfin hərəkətinə dini bəraət qazandırmaqdır. Düzgün mövqe hüququn tərəfində dayanmaqdır.

Ateistin döyülməsi yolverilməzdir. Eyni halda müsəlmanın dini inancının alçaldılması da yolverilməzdir. Dini mənsubiyyətə görə insana qarşı nifrət və ayrı-seçkilik yolverilməzdir. Ateist olduğu üçün insana qarşı nifrət də yolverilməzdir. Heç bir insanın dini və ya dinsizliyi onun döyülməsinə əsas verə bilməz. Heç bir insanın söz azadlığı da milyonlarla insanın inancını təhqir etmək üçün sonsuz və məsuliyyətsiz səlahiyyət kimi başa düşülə bilməz.

Əgər cəmiyyət bu iki həqiqəti eyni anda qəbul edə bilmirsə, problem artıq ateizmdə və ya dində deyil. Problem bizim fərqli düşünən insanlarla bir cəmiyyətdə yaşamaq mədəniyyətimizdədir. Və bu mədəniyyəti qorumağın yolu da nə yumruqdan, nə təhqirdən, nə də sosial şəbəkələrdə tərəf seçməkdən keçir. Yol birdir. Bu da qanun, məsuliyyət, qarşılıqlı hörmət və fərqli düşüncəyə dözümlülükdür.

Çünki dinə qarşı nifrət də cəmiyyət üçün təhlükədir, din adına zorakılıq da.

Azərbaycan Konstitusiyasının məntiqi də məhz budur ki, bir insanın dinə inanmaq, inanmamaq və öz əqidəsini ifadə etmək hüququ var. Amma heç kəs öz hüququndan istifadə edərək, başqasının hüquq və ləyaqətini tapdalaya bilməz.

SON

 

Rəsul Mirhəşimli