Xudayar Yusifzadəyə qarşı addımlar dəyərlərə qarşı başladılan siyasi kampaniyanın bir hissəsidir

Azərbaycanda hədəflənən milli və dini dəyərlərə qarşı mübarizə bu dəfə fəxrimiz Xudayar Yusifzadənin anasını hədəfə alıb. Birmənalıdır ki, belə məsələlərdə hakim dairənin susqunluğu məlum yaşıl işıq rolunu oynayır deyə bu işdə ilk qınanacaq tərəf elə hakimiyyətin özüdür. Cəmiyyətdə dəyərlərin hədəfə alınmasında birbaşa cavabdeh tərəf olaraq dövlət orqanlarının bunları görməzdən gəlməsi belə iyrənc mənzərəni ortaya qoyur.

Məlum olay “jurnalist” Samir Feyruzovun şəhid Xudayar Yusifzadənin anası Radə Yusifzadə ilə bağlı paylaşımı ilə  gündəmə gəlib. Yazıya verilən ad və məqalə ilə heç bir əlaqənin olmaması bu məsələdə bəlli bir qərəzin gizlənməsini sübut edir. “Jurnalist” iddia edir ki, illərdir Radə Yusifzadə Bərdə sakinlərini boğaza yığıb. Bunun ardınca isə o, həmən Şuşaya səfər edən ziyarətçilərin Cıdır düzündəki qayalıqlara şəhidlərin adlarını yazdığını, həmin yazıların isə aidiyyəti qurumlar tərəfindən silindiyini bildirib. S.Feyruzovun sözlərinə görə, bundan sonra Radə Yusifzadə Xudayar Yusifzadənin adının qayalıqdan silinməsinə etiraz edib.
Maraqlıdır bunun “Bərdə sakinlərinin boğaza yığılması” ilə nə kimi əlaqəsi var?! 
Məsələyə şəhidin anası Radə Yusifzadə aydınlıq gətirib. “Mən etiraz etməmişəm ki, niyə silinib. Mənim etirazım bu olub ki, o ərazidə milyonlarla ad yazılıb. Niyə məhz Xudayar və Turqutun adını prim toplamaq üçün paylaşıblar? Mənim etirazım bu olub. Ada gəlincə o adı mən yazdırmamışam. Onu 2021-ci ildə hansısa hərbçilər yazıblar. Mən heç tanımıram ki, o hərbçilər kimdir. Mənə lazımdır orada oğlumun adı? Mənim oğlumun adı tarixə yazılıb. Daşdan silmək olar, tarixdən silmək olar?”
Radə xanım məsələ ilə bağlı məhkəməyə müraciət etmək və haqqında genişləndirilən bu söhbətlər müzakirə obyektinə çevirən Samir Feyruzovun cəzalanmasını istəyir. “Samir Feyruzov bilmirəm, kimdir, nəçidir, məni təhqir edir. Bir şəhid anası mənə ağlaya-ağlaya yazıb ki, Radə xanım, mənim şəklimi qoyub sizin haqqınızda yazıblar. Çox maraqlıdır, heç Xudayarın anasını tanımırlar, başqa adamın şəklini qoyub mənim haqqımda yazıblar” – deyə şəhid Xudayarın anası bildirib.
 Məlum hadisə bir daha son dövrlər geniş vüsət alan milli və dini kimliyimizə qarşı başladılan kompaniyaya diqqət yönəldir. Heç şübhəsiz bu məsələdə Radə xanım təsadüfi seçilməyib. İnanclı şəhid anası dəfələrlə İmam Hüseynə (ə) olan sevgisi və şəhidlərin İmam Hüseynə (ə) qonaq olmasından söhbət açaraq dini inancını ortaya qoyub. Böyük ehtimalla hədəfə alınan dəyərlərin özü və şəhid övladı ilə müdafiəçisi olan Radə Yusifzadə də məhz bu səbəbdən təhqir edilib.