“Index on Censorship” Azərbaycanda müstəqil mediaya qarşı müəllif hüquqları hücumlarından yazıb

Söz azadlığını müdafiə edən beynəlxalq “Index on Censorship” təşkilatı Azərbaycanda müstəqil media və jurnalistlərə qarşı müəllif hüquqları şikayətlərindən yeni təzyiq vasitəsi kimi istifadə olunmasından yazıb.

Təşkilatın “Müəllif hüquqlarının silaha çevrilməsi: söz azadlığı uğrunda yeni mübarizə meydanı” başlıqlı məqaləsində bildirilir ki, əslində müəllifləri və jurnalistləri qorumaq üçün nəzərdə tutulan müəllif hüquqları mexanizmləri tənqidi materialların internetdən silinməsi üçün istifadə olunur.

Təşkilat Azərbaycanla yanaşı, Somali və ABŞ-də də oxşar halların qeydə alındığını, bunun ayrı-ayrı təsadüfi hadisələrdən daha çox sistemli təzyiq üsuluna çevrilməsi ilə bağlı narahatlıq yaratdığını qeyd edir.

Məqalədə Azərbaycandakı vəziyyət “Abzas Media”nın baş redaktoru vəzifəsini icra edən Günel Səfərovanın təşkilata müraciəti əsasında təqdim olunur.

Bildirilir ki, son dövrdə Meta müəllif hüquqlarının pozulması ilə bağlı şikayətlərdən sonra “Abzas Media”nın, eləcə də bir sıra digər müstəqil media qurumlarının və jurnalistlərin Instagram səhifələrini bloklayıb.

Günel Səfərova bildirib ki, şikayətçilər mübahisəli materiallara müəlliflik hüquqlarının onlara məxsus olduğunu təsdiqləyən sübut təqdim etməsələr də, Meta-nın avtomatlaşdırılmış sistemləri şikayətləri qəbul edib. Nəticədə materiallar silinib, bəzi hallarda isə bütöv sosial media hesabları deaktiv olunub.

Azərbaycanlı jurnalistlər bu hücumların koordinasiyalı şəkildə və eyni mərkəzdən təşkil olunduğunu düşünürlər. Səfərova baş verənləri “müstəqil medianı susdurmağa yönəlmiş daha geniş təzyiq və repressiya kampaniyasının davamı” adlandırıb.

“Index on Censorship” yazır ki, Azərbaycandakı hadisələr müəllif hüquqları mexanizmlərinin tənqidi medianı hədəfə almaq üçün istifadəsinin daha geniş tendensiyanın bir hissəsi olduğunu göstərir.

Təşkilat Somalidə də müstəqil media və jurnalistlərə qarşı saxta müəllif hüquqları şikayətlərinin koordinasiyalı şəkildə istifadə olunduğunu qeyd edir. Hədəfə alınan materialların, əsasən, hökumət və təhlükəsizlik qurumları barədə tənqidi yazılar olduğu bildirilir.

ABŞ-də isə avqustun ortalarında “South Florida Sun Sentinel”, WLRN, “Florida Politics” və digər media qurumlarının bəzi materialları Google axtarış nəticələrindən çıxarılıb. Həmin yazılar Konqresə namizəd olmuş sahibkar Maykl Karbonara ilə bağlı olub.

“Sun Sentinel”in baş redaktoru Devid Şuts bildirib ki, müəllif hüquqları qanunvericiliyi orijinal əsərləri oğurluqdan qorumaq üçün yaradılıb və “jurnalist materiallarını boğmaq və ya narahatlıq doğuran həqiqətləri gizlətmək üçün hüquqi boşluq” kimi istifadə edilməməlidir.

“Index on Censorship” müəllif hüquqlarının qorunması ilə bağlı avtomatlaşdırılmış sistemlərin də problemin bir hissəsinə çevrildiyini vurğulayır. Yazıda qeyd olunur ki, anonim və avtomatlaşdırılmış şikayət mexanizmləri saxta iddiaların verilməsini asanlaşdırır və platformaların bu şikayətləri lazımi yoxlama aparmadan icra etməsi tənqidi məzmunun silinməsinə gətirib çıxara bilər.

Təşkilat hesab edir ki, texnologiya şirkətlərinin belə hallarda söz azadlığını qorumaq əvəzinə şikayət mexanizmlərinə üstünlük verməsi senzuranı asanlaşdırır.

Avqustun 28-də Azərbaycanın bir sıra müstəqil media qurumları birgə bəyanat yayaraq sosial media hesablarının ardıcıl rəqəmsal hücumlar və müəllif hüquqları şikayətlərinin hədəfinə çevrildiyini bildiriblər. Bəyanata görə, “Meta” bu cür şikayətlərdən sonra “Abzas Media” və “Toplum TV”nin “Instagram” səhifələrini bloklayıb. Daha əvvəl “Azadlıq Qəzeti” və “Azərbaycan Saatı”nın hesabları da oxşar səbəblərlə bağlanıb.

Media qurumları bildiriblər ki, bir-biri ilə əlaqəsi olmayan jurnalist materiallarına qarşı ardıcıl müəllif hüquqları şikayətləri verilir, platformaların avtomatlaşdırılmış sistemləri isə şikayətçilərin hüquq sahibliyini yetərincə yoxlamadan materialları silir və bəzi hallarda bütöv hesabları deaktiv edir. Redaksiyaların təhlilinə görə, şikayətlərin bir hissəsi eyni şəxslər və elektron poçt ünvanları vasitəsilə göndərilib.

Bəyanat müəllifləri bunu müstəqil medianı susdurmağa yönəlmiş koordinasiyalı kampaniyanın və 2023-cü ildən davam edən təzyiqlərin rəqəmsal müstəvidə davamı kimi qiymətləndiriblər. Onlar “Meta” və digər platformaları şikayətlərin mənbəyini araşdırmağa, bloklanan hesabları yenidən nəzərdən keçirməyə və əsassız şikayətlər nəticəsində bağlanan səhifələri bərpa etməyə çağırıblar.