Yəmən Ordusu Səudiyyənin “Kral Xalid” hərbi hava bazasına geniş əməliyyat keçirib

“Ənsarullah”ın rəhbərlik etdiyi Yəmən Silahlı Qüvvələri Səudiyyə Ərəbistanının Xəmis Müşeyt şəhərində yerləşən “Kral Xalid” hərbi hava bazasına qarşı genişmiqyaslı xüsusi əməliyyat keçirib.

Bu barədə Yəmənin “Al-Masirah” şəbəkəsi məlumat yayıb.

Hərbi idarənin rəsmi nümayəndəsi Yəhya Səri tərəfindən oxunan bəyanatda bildirilir ki, əməliyyat zamanı bazadakı hərbi infrastruktur obyektləri — qırıcı təyyarə anqarları, radar sistemləri, uçuş-eniş zolaqları, sursat anbarları və digər strateji hədəflər nişan alınıb. Hücum zamanı onlarca balistik raket və pilotsuz uçuş aparatından (PUA) istifadə olunub. Bəyanatda zərbələrin dəqiq dəydiyi və bazaya ciddi ziyan vurduğu vurğulanıb.

Yəmən tərəfi bu addımı Səudiyyə Ərəbistanının son 5 gün ərzində həyata keçirdiyi hərbi eskalasiyaya cavab kimi dəyərləndirib. Bildirilib ki, ər-Riyadın “F-15” və “Typhoon” qırıcıları Xəmis Müşeyt və Taif bazalarından havalanaraq Yəmənin müxtəlif əyalətlərinə 300-dən çox hava zərbəsi endirib.

Bəyanatın sonunda qeyd olunub ki, Yəmən xalqına qarşı təcavüz və mühasirə dayandırılana qədər Səudiyyə Ərəbistanının dərinliklərinə yönəlmiş analoji hərbi əməliyyatlar davam etdiriləcək.